Ermənistan eyni anda Avropa İttifaqı və Rusiya ticarət ittifaqı ilə əməkdaşlıq edə bilər. Bu bəyanatı mayın 12-də Yerevanda səfərdə olan Fransa prezidenti Fransua Olland edib.
“Ermənistan üçün elə bir avro assosiasiya modeli tapmaq lazımdır ki, bu model Gömrük İttifaqındakı üzvlüyünə əks olmasın”, - Fransa prezidenti aydınlıq gətirib. Onun sözlərinə görə, bu, böyük problem deyil, sadəcə bu istiqamətdə işləmək lazımdır.
Oxu.Az erməni KİV-ə istinadən xəbər verir ki, Qarabağ münaqişəsinin tənzimlənməsinə toxunan Ollandın qeyd etdiyinə görə, bu məsələnin qlobal həlli üçün səylə çalışmaq lazımdır.
“Bu gün Ermənistan və Azərbaycan arasında atəşkəs rejiminin elan edilməsinin 20 ili tamam olur. 20 il həddən artıq böyük müddətdir. Biz, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi münaqişənin həllinin yollarını tapmalıyıq. Məhz bunun üçün mən dünən Azərbaycana səfər etdim, bu gün isə artıq Ermənistandayam”, - Fransa rəhbəri vurğulayıb.
Fransa və Ermənistan prezidentlərinin ikitərəfli görüşlərindən sonra Fiqaro qəzetinin jurnalisti Fransua Ollanddan – “Fransa prezidentini Ermənistanın Krımı işğalı mövzusunda mövqeyi narahat etmirmi?” soruşub, cavabında isə Olland Ermənistanın siyasi və coğrafi reallıqlardan irəli gələn bu qərarına anlayışla yanaşdığını deyib – haqqın.az xəbər verir.
May ayının 13-də Ermənistan prezidenti Serj Sarkisyan ilə bərabər mətbuat konfransında Fransa dövlət başçısı bəyan edib ki, Fransa ərazi bütövlüyü prinsipinə sadiqdir və onun Krıma olan münasibəti bundan irəli gəlir.
“Ermənistana gəldikdə isə, o xüsusi geosiyasi şəraitdə yerləşir, buna görə də Ermənistan Rusiya ilə münasibətlərini inkişaf etdirməyi qərara alıb”, - o vurğulayıb.
Olland qeyd edib ki, onun məqsədi qınamaq deyil, bu səbəbdən də o səfər zamanı ölkənin bu məsələyə dair mövqeyini öyrənməyə çalışıb. Onun sözlərinə görə, heç kim Ermənistanı Rusiya ilə iqtisadi münasibətləri kəsməyə vadar etmək istəmir.
“Aİ başa düşməlidir ki, Ermənistan xüsusi şəraitdə yaşayır, və Ermənistana Avropa üçün yaxınlaşmaq üçün xüsusi proses lazımdır”, - o bəyan edib.
Beləliklə də Fransa prezidenti ölkəsi tərəfindən Azərbaycana qarşı aparılan ikili siyasət standartını bütünlüklə nümayiş etdirməyə nail oldu. Özünü “ərazi bütövlüyünün tərəfdarı” elan edərək Ukraynanı dəstəkləyən Fransa Qarabağ məsələsinə gəldikdə nə üçünsə Ermənistan üçün istisnalara yol verir, ona ikili oyun oynamağa imkan yaradır.
Xatırladaq ki, Fransa prezidenti Fransua Olland Ermənistan prezidenti Serj Sarkisyanın dəvəti ilə may ayının 12-də Yerevana gəlib.
Aliyə İsmayılzadə
www.oxu.az