Yasamal rayon 28-ci polis bölməsinin əməkdaşları may ayının 6-da amansızlıqla qətlə yetirilən polis əməkdaşının ölümündə şübhəli bilinən iki nəfəri həbs edib. Bu barədə Yasamal rayon polis İdarəsində xəbər veriblər.
Xatırladaq ki, 1951-ci il təvəllüdlü Vahid Əhmədov 11-ci Xrebtovi ünvanında 105 №-li evdə may ayının 6-da qətlə yetirilib. Əhmədovun çoxsaylı bıçaq yaraları olan cəsədi onun kirayə qaldığı evin sahibi tərəfindən aşkarlanıb. Əhmədov üç qız atası olsa da tək yaşayırdı.
Əhmədovun qonşuları gecə qışqırıq səsləri eşitdiklərini söyləyiblər. Kişi qonşuları yardıma çağıraraq qətlə mane olmalarını istəyib. Amma heç kim münaqişəyə qarışmağa ürək etməyib. Onlar evin sahibinə olanlar barədə xəbər veriblər.
Saxlanılan şəxslər yaxınlıqda yaşayan cavan adamlardır. Adları istintaqın maraqları daxilində çəkilmir. Dindirilmə zamanı onların Əhmədovla ünsiyyətdə olduqları müəyyən edilib.
Xəbər verilir ki, onların hər ikisinin qətldə əli var. Eləcə də məlum olub ki, onlar Əhmədovu qətlə yetirdikdən sonra heç nə olmamış kimi toya meyxanaya qulaq asmağa gediblər. Yeri gəlmişkən video-çəkiliş zamanı kadra da düşüblər, bunun sayəsində əməliyyatçılar onların izinə düşüblər.
Rayon prokurorluğunda qeyd ediblər ki, saxlanılan şəxslər törətdikləri əməli etiraf ediblər.
Hal-hazırda istintaq davam edir.