Almaniya Kansleri Fridrix Merts ABŞ və Asiya ölkələri ilə rəqabətin gücləndiyi bir vaxtda Aİ şirkətlərinin mövqelərini gücləndirmək üçün Ümumavropa Fond Birjasının yaradılması təşəbbüsü ilə çıxış edib.
Oxu.Az xəbər verir ki, məlumatı "Bloomberg" yayıb.
Kansler vurğulayıb ki, inkişafı təmin edən lazımi investisiyaların operativ cəlb olunması üçün Avropa müəssisələrinə kifayət qədər irimiqyaslı və inkişaf etmiş kapital bazarı lazımdır. O, təəssüflə bildirib ki, "BioNTech" kimi texnologiya şirkətləri səhm bazarına Avropada deyil, Nyu-York birjasında çıxmağa üstünlük verirlər.
Kansler İtaliyanın sabiq baş nazirləri Mario Dragi və Enriko Lettanın hesabatlarına istinad edərək qeyd edib ki, bu hesabatlarda da Avropa şirkətlərinin rəqabət qabiliyyətinin və istehsal gücünün artırılması üçün təxirəsalınmaz tədbirlərin görülməsi vacibliyi vurğulanıb.