Avropa Futbol Assosiasiyalar İttifaqı (UEFA) Moskva “Lokomotiv”inin yarımmüdafiəçisi Dmitri Tarasovu Rusiya prezidenti Vladimir Putinin şəkili olan köynəyi nümayiş etdirdiyi üçün 5 min avro məbləğində cərimə edib.
Oxu.Az xəbər verir ki, fevralın 18-də “Lokomotiv” Tarasovu 300 min avro məbləğində cərimə edib. Klubda oyunçunun davranışını qınayıblar. Bir gün bundan öncə UEFA-da havbekə qarşı intizam işi açılıb. Onu siyasi təxribata görə,10 matç oyundan uzaqlaşdırılması gözlənilirdi.
Hadisə fevralın 16-da Türkiyənin “Fənərbaxça” komandası ilə İstanbulda keçirilən və 0:2 hesabı ilə türk komandasının qələbəsi ilə başa çatan Avropa Liqasının 1/16 final matçı başa çatdıqdan sonra baş verib. Tarasov köynəyini çıxardıb, altda isə “Ən nəzakətli prezident” yazılan köynək olub. Oyunçunun özü, heç bir təxribat törətmək istəmədiyini bildirib. Martın 18-də Tarasovun 29 yaşı tamam olub.