Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) ölkə vətəndaşları, xüsusilə də əmlak sahibləri üçün növbəti çox mühüm və faydalı yenilik edib. Bu gündən etibarən Komitə vətəndaşlara pulsuz hüquqi məsləhətlər göstərməyə başlayır.
Bu barədə komitədən Oxu.Az-a bildirilib.
“İndiyədək komitə daşınmaz əmlakın qeydiyatı, eləcə də bu sahədə digər xidmətlərin sadələşdirilməsi ilə bağlı çoxsaylı yeniliklər edib.
Bura mobil ofis xidmətləri, “bir pəncərə” prinsipinin tətbiqi, «Kütləvi çıxarış» kampaniyaları, elektron, onlayn xidmətlər və başqa yeniliklər aiddir. Növbəti yenilik də ölkədəki əmlak sahiblərinin ən böyük ehtiyac duyduğu məsələyə aiddir.
Belə ki, vətəndaşların əksəriyyəti əmlak qanunvericiliyi, daşınmaz əmlakın qeydiyyatı prosedurları və bunun üçün tələb olunan sənədlər barədə lazımi məlumata sahib deyillər.
Nəticədə, əmlakın qeydiyyatı üçün hansı sənədlərin tələb olunduğunu və onların hansı qurumlar tərəfindən verildiyini bilmirlər. Buna görə də, bəzən öz əmlaklarının qeydiyyatı zamanı çətinliklərlə üzləşirlər.
Bu çətinlikləri həll etmək üçün komitə əmlak sahibləri üçün hüquqi məsləhət xidmətinə start verib. Xidmət çərçivəsində istənilən şəxs komitənin ərazi qeydiyyat idarələrinə müraciət edərək öz əmlakı, onunla aparmaq istədiyi əməliyyat, əmlakın qeydiyyatı və sair xidmətlərlə bağlı suallar verə bilər”, - deyə ƏMDK-dan bildirilib.
Komitənin əməkdaşları vətəndaşlara bütün bu məsələlərin həllində yardım edəcəklər.
Qeyd edək ki, vətəndaşlar əmlakın qeydiyyatı ilə bağlı hüquqi məsələlər barədə komitəyə indiyədək də müraciət edib cavab alırdılar.
Komitə bildirir ki, bu yenilik sayəsində Azərbaycanda əmlakın qeydiyyata alınması prosesi sürətənəcək:
“İndiki yenilik isə həmin xidmətdən kökündən fərqlənir. Belə ki, əmlakını qeydiyyata aldırmaq istəyən şəxs komitəyə müraciət edərək bunun üçün tələb olunan sənədlərin siyahısını dəqiqləşdirərkən, komitə əməkdaşları, həmin şəxsə tələb olunan sənədlərin siyahısını izah etməklə yanaşı, həm də həmin sənədlərin hansı qurumlar tərəfindən, necə əldə edilməsi barədə də məsləhətlər verəcəklər.
Bu yenilik əhalinin əmlakın qeydiyyatı sahəsində maariflənməsinə və məlumatlılığının artması ilə yanaşı, əmlakın qeydiyyatının da sürətlənməsinə və leqal əmlak dövriyyəsinin böyüməsinə imkan verəcək”.
Qeyd edək ki, bu gün “Kütləvi çıxarış” kampaniyası çərçivəsində Xaçmazda 250-yə yaxın vətəndaşa qeydiyyat xidmətləri göstərilib.
150-dək sakinə onların fərdi həyət evi və torpaq sahələrinə, o cümlədən pay torpaqları, vaxtilə kolxoz və sovxozlar tərəfindən verilmiş torpaqlara dair dövlət reyestrindən çıxarışlar və texniki pasportlar təqdim olunub.
Ülviyyə R. Əli
www.oxu.az