Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![G7 Rusiyanı yeni sanksiyalarla hədələdi, İranı qınadı](https://images.oxu.az/2025/02/15/gdy8IAB5C8KPHlQvd9wo3mSp8S9ujUMPTK9wxVmL:1200.jpg)
G7 Rusiyanı yeni sanksiyalarla hədələdi, İranı qınadı
"Beynəlxalq icma radikal Fələstin hərəkatı HƏMAS-ın hərbi qüvvələrini bərpa edə bilməməsini və Qəzza sektorunu idarə edə bilməməsini təmin etməlidir".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu, Münhendə keçirilən "Böyük yeddilik" (G7) ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün nəticələri ilə bağlı bəyanatda qeyd olunub.
Xarici işlər nazirləri İsrail və Fələstin arasında möhkəm sülhün qurulmasının əhəmiyyətini vurğulayıblar.
G7 ölkələri BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq Suriyada hərtərəfli siyasi keçid prosesini dəstəkləyiblər. Yeddiliyin xarici işlər nazirləri həmçinin Livanda son prezident seçkisi, baş nazirin təyin edilməsi və yeni hökumətin formalaşması da daxil olmaqla, hadisələrin inkişafını müsbət qiymətləndiriblər.
Sənəddə deyilir: "G7 ölkələri hər iki dövlətin sabitliyinə, suverenliyinə və ərazi bütövlüyünə sadiq olduqlarını təsdiq edirlər".
Həmçinin G7 ölkələri Rusiyanın Ukraynada sülh müqaviləsi danışıqlarında iştirak etmək istəyindən asılı olaraq yeni sanksiyaların tətbiqi məsələsini araşdırmaq niyyətindədirlər. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüş keçirən xarici işlər nazirləri Ukraynada davamlı sülhə nail olmaq üçün birgə işə sadiq olduqlarını bildiriblər.
G7 ölkələri İranın həm atom energetikası sahəsindəki fəaliyyətini, həm də Yaxın Şərqdə və Qırmızı dəniz regionunda siyasi təsirini qınayıblar. XİN rəhbərləri Tehranı ballistik raketlər və PUA-ların inkişaf etdirilməsi proqramı, eləcə də insan hüquqlarının pozulmasına görə tənqid ediblər.