Geyimin rezinlərinin dəridə qoyduğu dərin izlər və üzdə şişkinlik qalxanabənzər vəzinin fəaliyyətinin pozulması ilə bağlı ola bilər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə rusiyalı endokrinoloq Yekaterina Yanq öz "Telegram" kanalında danışıb.
Həkim xəbərdarlıq edib ki, sadəcə geyim dəridə iz buraxdığı üçün özündə hipotireoz axtarmaq lazım deyil.
Yekaterina Yanq qeyd edib ki, şişkinliklə yanaşı digər simptomlar da yaranarsa, məsələn, insan üşüməyə başlayarsa, daha tez yorularsa, dərisi quru olarsa, saçları daha tez-tez tökülərsə, qəbizlik yaranarsa və çəki aşkar səbəb olmadan artmağa davam edərsə, bu zaman narahat olmaq lazımdır.
Endokrinoloqun sözlərinə görə, hipotireoz zamanı qalxanabənzər vəzi hormonlarının çatışmazlığı toxumalarda suyun yığılmasına gətirib çıxara bilər ki, bu da xüsusilə üzdə, göz qapaqlarında, əllərdə və ayaqlarda nəzərəçarpacaq dərəcədə şişkinlik yarada bilər. Eyni zamanda geyimdən yaranan izlər çox sayda müxtəlif səbəblərdən də ortaya çıxa bilər.
Həkim qeyd edib ki, qalxanabənzər vəzinin funksiyasının müayinəsi adətən qalxanabənzər vəzi analizi ilə başlayır. Həmçinin insanın simptomları və vəziyyəti nəzərə alınmaqla, əlavə olaraq sərbəst T4 və digər göstəricilər də qiymətləndirilir.