Kanadanın Makqill Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, qısa və intensiv məşqlər yuxu çatışmazlığı zamanı yaddaşın fəaliyyətini müvəqqəti olaraq yaxşılaşdıra bilər.
Oxu.Az xəbər verir ki, bu barədə aif.ru məlumat yayıb.
İdman təbabəti üzrə mütəxəssis, endokrinoloq Aleksey Kalinçevin sözlərinə görə, mülayim fiziki aktivlik yuxusuzluqdan sonra sinir sistemini oyatmağa və diqqəti cəmləməyə kömək edir.
"Cəmi 10-15 dəqiqəlik yüngül isinmə hərəkətləri və ya sürətli yeriş qan dövranını sürətləndirir, beyni oksigenlə zənginləşdirir, həmçinin kortizol və adrenalinin ifrazını stimullaşdırır. Bu da öz növbəsində sinir sistemini "oyatmağa" və mürgüləməni müvəqqəti olaraq dəf etməyə imkan yaradır", - deyə mütəxəssis izah edib.
Alimlər təxminən 30 saat ərzində oyaq qalan 54 sağlam könüllü üzərində fiziki gərginliyin təsirini sınaqdan keçiriblər. İştirakçılar üç qrupa bölünüblər. Bir qrup velotrenajorda 20 dəqiqəlik məşq edib, digər qrup 90 dəqiqə yatıb, üçüncü qrup isə heç bir əlavə istirahət etməyib və fiziki fəaliyyətlə məşğul olmayıb. Bir neçə gün sonra məlum olub ki, məşq edən və gündüz yatan iştirakçılar yaddaşla bağlı tapşırıqları nəzarət qrupundakı şəxslərlə müqayisədə təxminən 20% daha yaxşı yerinə yetiriblər.
Qeyd olunub ki, istirahət orqanizmin bərpasına kömək etdiyi halda, idman hərəkətləri mövcud resurslardan daha səmərəli istifadə etməyə şərait yaradır.