"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər".
Oxu.Az xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb.
O, yuxusuzluğun qeyri-adi səbəblərindən birini açıqlayıb.
Ana Gerrero Brananın sözlərinə görə, səliqəli insanlarda adətən yataq otağı da daxil olmaqla, bütün otaqlarda nizam-intizam hökm sürür.
"Gözəl tərtib edilmiş yataq otağı koqnitiv yükü azaldır, çünki beyin vizual stimulları - paltar yığınlarını, müxtəlif səthlərə səpələnmiş əşyaları, açıq siyirmə və şkafları, kağızları - emal etmək məcburiyyətində deyil. Bu, kortizol səviyyəsini azaldır və sakitliyi təşviq edir", - deyə psixoloq izah edib.
Bundan əlavə, mütəxəssis bildirib ki, beyin dağınıqlıq arasında gördüyü bəzi əşyaları yarımçıq qalmış işlərin xatırlatması kimi qəbul edə bilər. Nəticədə narahatlıq və yüksək sayıqlıq hissi yaranır ki, bu da yuxu keyfiyyətinin pisləşməsinə səbəb ola bilər.
Ana Gerrero Brana vurğulayıb ki, təmizlik və yır-yığış da gecə istirahətinin keyfiyyətini yaxşılaşdıran sehrli vasitə deyil. Onun sözlərinə görə, bunlar yuxu gigiyenasının yalnız bir elementidir.