Demək olar ki, hər kəs həyatında ən azı bir dəfə vərdişlərin 21 günə formalaşdığı fikrini eşidib. Lakin bu rəqəm elmi faktdan çox, geniş yayılmış bir mifdir.
Oxu.Az xəbər verir ki, bunu psixoloq, iqtisad elmləri namizədi Milana Orexova Kp.ru-ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu mif ötən əsrdə plastik cərrah Maksvell Maltsın müşahidələri əsasında yaranıb. O hesab edirdi ki, xəstələrin xarici görünüşlərindəki dəyişikliklərə uyğunlaşması üçün təxminən üç həftə vaxt lazımdır.
Ekspert qeyd edib ki, müasir araşdırmalar vərdişlərin formalaşması ilə bağlı fərqli mənzərə ortaya qoyur. Britaniyalı alimlərin araşdırmasına əsasən, yeni vərdişin formalaşması orta hesabla 66 gün çəkir. Lakin bu müddət hərəkətin mürəkkəbliyindən, onun nə qədər müntəzəm təkrarlandığından və insanın həyat tərzindən asılıdır.
Orexova izah edib ki, məsələn, səhər yeməyindən sonra bir stəkan su içmək vərdişini formalaşdırmaq həftədə bir neçə dəfə idman etməyə başlamaqdan və ya qidalanma rejimini dəyişməkdən daha asandır.
Psixoloqun sözlərinə görə, bir çox insan nəticə əldə etmədən və məyus olaraq, dəyişikliklərin formalaşmağa başladığı mərhələdə cəhdlərindən imtina edir.
O əlavə edib ki, insanın yaşadığı mühit də vərdişlərin formalaşmasında mühüm rol oynayır. Məsələn, mətbəxdə bir qutu peçenyenin olması şirniyyat yemək ehtimalını artırır. İdman ayaqqabılarının şkafın dərinliyində saxlanılması isə məşqə çıxmaq ehtimalını azaldır. Mütəxəssis bildirib ki, eyni mexanizm əks istiqamətdə də işləyir.
"İntizamlı insanlar heç də həmişə müstəsna xarakter gücünə malik olmurlar. Çox vaxt onlar sadəcə həyatlarını elə təşkil edirlər ki, faydalı qərar qəbul etmək daha asan, zərərli qərar vermək isə daha çətin olsun", - deyə Orexova vurğulayıb.