Anadoluda arxeoloji qazıntılar aparan, Çankaya Köşkündə Mustafa Kamal Atatürklə görüşən və Ankarada arxeologiya tələbələrinə dərs deyən alman arxeoloq Hans Henninq fon der Ostenin Türkiyədəki fəaliyyətinin qaranlıq tərəfləri illər sonra rəsmi sənədlər və arxiv araşdırmaları nəticəsində üzə çıxıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Yazıda qeyd olunur ki, məşhur arxeoloq İkinci Dünya müharibəsi dövründə casusluq ittihamı ilə məhkum olunub və adı Almaniya hərbi kəşfiyyatı ilə əlaqədar dosyelərə daxil edilib.
Atatürklə Çankayada görüşmüşdü
1920 və 1930-cu illərdə Anadoluda fəaliyyət göstərən ən məşhur əcnəbi arxeoloqlardan biri Hans Henninq fon der Osten idi. Yozqatda apardığı qazıntılarla şöhrət qazanan alman tədqiqatçı 1930-cu il mayın 17-də Çankaya Köşkündə Mustafa Kamal Atatürk tərəfindən qəbul edilib. Bu görüşdə Anadoluda həyata keçirilən arxeoloji fəaliyyətlər müzakirə olunub. Daha sonra o, Atatürkün təlimatı ilə Ankara yaxınlığında yerləşən Gavurkale ərazisindəki qazıntılara cəlb edilib. Türk Tarix Qurumunun arxivlərində Atatürkün həmin bölgəyə səfərini və fon der Osten tərəfindən qarşılanmasını əks etdirən fotolar da qorunub saxlanılır.

Türk arxeologiyasının ilk nəslini yetişdirib
Fon der Ostenin təsiri yalnız qazıntı meydançaları ilə məhdudlaşmırdı. O, eyni zamanda universitetdə də mühüm işlər görürdü. O, 1936-1939-cu illərdə Ankara Dil və Tarix-Coğrafiya Fakültəsində arxeologiya fənni üzrə mühazirələr oxuyub. Onun tələbələri arasında gələcəkdə türk arxeologiyasının ən görkəmli nümayəndələrinə çevriləcək Tahsin Özgüç, Nimet Özgüç və Raci Temizer kimi şəxslər var idi. Beləliklə, o, Türkiyədə arxeologiya təhsilinin formalaşması mərhələsində bilavasitə iştirak edən xarici alimlərdən biri olub.

Casusluq dosyesi açıldı
İkinci Dünya müharibəsi ərəfəsində fon der Ostenin Türkiyə hekayəsi tamamilə fərqli bir məcraya yönəldi. Aparılan təhqiqatlarda onun Almaniya hərbi kəşfiyyat dairələri ilə əlaqələrinin olduğu və dövrün alman kəşfiyyatının mühüm simalarından biri olan admiral Vilhelm Kanarislə əməkdaşlıq etdiyi iddia edilib. Türkiyə hökumətinin apardığı istintaq nəticəsində fon der Osten həbs edilib. Onun cinayət işində Kırıkkaledəki sursat fabrikləri, Yeşilköy Təyyarə Meydanı, İstanbul boğazındakı mina xətləri və bir sıra limanlar haqqında məxfi hərbi məlumatlar yer alıb.

11 il 8 ay müddətinə həbsə məhkum edildi
Türkiyə Böyük Millət Məclisinin arxiv sənədlərinə əsasən, casus arxeoloq 16 iyul 1941-ci ildə Ankara Hava Hücumundan Müdafiə Baş Komandanlığının 2 nömrəli Hərbi Məhkəməsi tərəfindən casusluq ittihamı ilə günahkar bilinib. Tanınmış arxeoloq 11 il 8 ay müddətinə ağır həbs cəzasına məhkum edilib və ömürlük dövlət qulluğunda işləmək hüququndan məhrum olunub. Uzun illər ərzində Türkiyədə arxeoloji qazıntılar aparan və ali təhsil müəssisəsində dərs deyən bir akademikin müharibə dövründə belə bir məhkəmə işinin əsas fiquruna çevrilməsi həmin dövrün ən diqqətçəkən casusluq hadisələrindən biri kimi tarixə düşüb.

Ankara vağzalında nasist salamı iddiası
İllər sonra fon der Osten barəsində danışılan başqa bir detal isə tələbələrinin yaddaşında qalıb. Professor Tahsin Özgüçün xatirələrinə əsasən, fon der Osten 1938-ci ildə Ankaradan gedərkən qatar hərəkətə başladığı an onu yola salan tələbələrinə nasist salamı verib. Bildirilir ki, tələbələr həmin vaxta qədər müəllimlərinin Nasist Almaniyası ilə hər hansı əlaqəsinin olmasından xəbərsiz idilər. Bu hadisə şahid ifadələrinə əsaslansa da, fon der Ostenin 1941-ci ildə casusluğa görə məhkum edilməsi dövlətin rəsmi qeydlərində öz əksini tapıb. 1950-ci ildə qəbul edilmiş əfv qərarı ilə cəzası ləğv edilən fon der Osten daha sonra İsveçə gedərək akademik fəaliyyətini orada davam etdirib.