"Gecə saat 12-də yuxuya getmək və yaxşı istirahət etmək üçün sehrli bir hədd yoxdur, ən əsası yuxunun müddəti və müntəzəmliyidir".
Oxu.Az xəbər verir ki, bunu Gazeta.ru-ya rusiyalı həkim-somnoloq Maksim Novikov deyib.
"Gecə saat 12 özlüyündə elə bir sehrli sərhəd deyil ki, ondan sonra yuxu faydasız olsun. Orqanizm üçün rejimin müntəzəm olması, yuxunun yetərli müddəti və qrafikin insanın fərdi xüsusiyyətlərinə uyğun gəlməsi daha böyük əhəmiyyət daşıyır", - deyə həkim bildirib.
Mütəxəssisin sözlərinə görə, orqanizmdə oyaqlıq və istirahət proseslərini tənzimləyən bioloji saatlar mövcuddur. Məhz bu səbəbdən gecə yarısından sonra yatıb günorta saatlarında oyanmaq, hətta kifayət qədər yatdıqda belə, insanın səhhətinə təsir göstərə bilər.
"Əgər bir şəxs daim səhər saat üç-dörd radələrində yatır və günortaya qədər yuxuda qalırsa, bu, dərhal problemlərə yol açmaya bilər. Lakin bu cür rejim bir çox insanda yuxu və gümrahlığa cavabdeh olan hormonların ifrazını pozur, istirahətin keyfiyyətini aşağı salır", - deyə həkim qeyd edib.
Bununla yanaşı, "gecə yarısına qədər yatmaq" qaydasını da hərfi mənada qəbul etmək lazım deyil. İnsanların xronotipləri fərqli ola bilər: bəziləri səhər tezdən oyanmağa üstünlük verir, digərləri isə axşamlar daha məhsuldar olurlar. Əsas məsələ rejimin sabitliyi və yuxunun lazımi müddəti əhatə etməsidir.
Somnoloq vurğulayıb ki, yaranan zərər adətən gec yatmaqla deyil, xroniki yuxusuzluqla bağlıdır. Əgər insan davamlı olaraq az yatırsa və yorğunluğunu həftəsonu çox yatmaqla çıxarmağa çalışırsa, həmçinin qrafikini tez-tez dəyişirsə, bu, sinir sisteminin fəaliyyətinə, diqqətin cəmlənməsinə və orqanizmin ümumi vəziyyətinə mənfi təsir göstərə bilər.
"Bir çoxları özlərini daha yaxşı hiss etmək üçün sadəcə daha tez yatmağa çalışırlar, lakin məsələyə daha geniş baxmaq lazımdır: insan nə qədər yatır, gecə ərzində nə qədər tez-tez oyanır, səhərlər yuxudan durduqda özünü dincəlmiş hiss edirmi", - deyə mütəxəssis söyləyib.
Yuxunun keyfiyyətini artırmaq üçün həkim sabit qrafik qurmağı, axşamlar parlaq işığı azaltmağı, yatmazdan əvvəl ağır işlərlə özünü yükləməməyi və istirahət üçün müvafiq şərait yaratmağı tövsiyə edib.
Beləliklə, yuxuya gec getmək özlüyündə fəlakət deyil, lakin mütəmadi olaraq pozulmuş rejim yuxu və sağlamlıq problemlərinə səbəb ola bilər. Ən vacib qayda saatın neçə olması deyil, gecə yuxusunun müntəzəmliyi və kifayət qədər davam etməsidir.