Öz-özünə danışmaq birbaşa hər hansı psixi pozuntunun göstəricisi deyil. Əksər hallarda bu, insanın daxili dialoqunun davamıdır. Lakin bu zaman deyilənlərin məzmununa, səs tonuna və insanın öz danışığına nə dərəcədə nəzarət edə bilməsinə diqqət yetirmək vacibdir.
Oxu.Az xəbər verir ki, bu barədə psixoterapevt, psixoloq və ekspert Yekaterina Makarova Gazeta.ru-ya açıqlamasında məlumat verib.
Mütəxəssisin sözlərinə görə, hər birimiz mütəmadi olaraq daxili dialoq aparırıq. Sadəcə, bəzilərimiz düşüncələrimizi ucadan ifadə edir, digərlərimiz isə bunu səssiz şəkildə edir. Bu vərdiş uşaqlıq dövründə formalaşır. Valideynlər baş verənləri şərh etdikdə və öz hərəkətlərini izah etdikdə, uşaq da ətraf aləmlə bu cür ünsiyyət qurmağı öyrənir.
"Danışığın məzmununu qiymətləndirmək böyük əhəmiyyət daşıyır. Əgər insan sadəcə öz hərəkətlərini təsvir edir və ya "yaxşı alındı", "mənə afərin" kimi dəstəkləyici ifadələr işlədirsə, bu, daxili dəstəyin və sağlam psixikanın göstəricisidir", - deyə Makarova qeyd edib.
Bununla belə, insanın özünə qarşı davamlı təhqiramiz və alçaldıcı ifadələr işlətməsi, özünə qarşı sərt tələblər qoyması aşağı özgüvənlə və ya keçmişdə yaşadığı mənfi təcrübələrlə əlaqəli ola bilər.
"Əgər insanın ətrafında onu alçaldan və incidən kimsə yoxdursa, o, bu davranışı özünə qarşı sərgiləməyə başlaya bilər. Belə vərdiş vəziyyəti daha da ağırlaşdıra və depressiyaya səbəb ola bilər", - deyə psixoloq xəbərdarlıq edib.
İnsanın öz iradəsindən asılı olmayaraq səslər eşitməsi isə xüsusi diqqət tələb edir. Belə səslər insan tərəfindən öz düşüncələri kimi qəbul edilmir. O, həmin səslərlə mübahisə edə, onlara cavab verə və susmalarını tələb edə bilər.
"Bu, eşitmə hallüsinasiyalarının əlaməti ola bilər. Belə hallarda mütləq psixiatra müraciət etmək lazımdır", - deyə Makarova bildirib.
Mütəxəssisin fikrincə, öz-özünə danışıq zamanı qayğı və dəstək üstünlük təşkil edirsə, bu, təbii ünsiyyət forması hesab oluna bilər. Davamlı özünü alçaltma və dəyərsizləşdirmə halları psixoterapevtlə müzakirə edilməli, insanın idarə edə bilmədiyi səslər eşitməsi isə psixiatra müraciət üçün əsas olmalıdır.
Ətrafdakılar insanın sadəcə öz-özünə danışmasına deyil, həm də eşitdiyi və ya söylədiyi sözlərin mənbəyini anlayıb-anlamamasına, eləcə də bu prosesi idarə edə bilməsinə diqqət yetirməlidirlər.