Bakının Xətai rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında istilik sisteminin uzun illərdir işləməməsi sakinlərin narazılığına səbəb olub. Onlar iddia edirlər ki, problemin aradan qaldırılması üçün hər mənzildən 5 manat pul toplanması təklif edilib.
Baku TV-nin məlumatına görə, Məzahir Rüstəmov küçəsi, 12 ünvanında yerləşən binanın istilik sistemi 6-7 ildir fəaliyyət göstərmir. Nəticədə qış aylarında mənzillərini isitmək üçün alternativ vasitələrdən istifadə etməli, əlavə xərc çəkməli olurlar.
Sakinlər bildirirlər ki, problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, indiyədək istilik təminatı bərpa edilməyib. Onlara müxtəlif vədlər verilsə də, konkret nəticə əldə olunmayıb.
İddialara görə, mərkəzləşdirilmiş istilik təchizatı xidmətini göstərən qurum tərəfindən binanın birinci və ikinci blokunda yaşayan sakinlərə hər mənzildən 5 manat toplanması təklif olunub. Buna səbəb isə binanın zirzəmisində istilik sisteminə aid avadanlıqların oğurlanması göstərilib. Bildirilib ki, avadanlıqların yenidən alınması üçün vəsait toplanmalı, bundan sonra istilik sisteminin bərpası mümkün olacaq.
Sakinlər isə avadanlıqların bərpası ilə bağlı xərclərin onların üzərinə qoyulmasına etiraz edirlər. Onlar istilik sisteminin bərpası üçün vəsait toplamaq məsuliyyətinin öz üzərlərinə düşməli olmadığını düşünürlər.