Azərbaycanda ərzaq məhsullarının pərakəndə satış qiymətlərinə ticarət əlavəsinin müəyyən edilməsi ilə bağlı təkliflər gündəmə gəlib. Mümkün yanaşmalardan biri süni qiymət artımının qarşısını almaq məqsədilə məhsullara eyni faizlə ticarət əlavəsinin tətbiqidir.
Hazırda ölkədə bir sıra məhsul və xidmətlərin qiymətləri dövlət tərəfindən tənzimlənir. Buraya kommunal xidmətlər, ictimai nəqliyyat, yanacaq və əczaçılıq sahələri daxildir. Belə tənzimləmənin əsas məqsədi iqtisadi sabitliyi qorumaq, strateji sahələrə nəzarət etmək və əhalinin sosial rifahını təmin etməkdir.
Baku TV məlumat verir ki, qiymətlərin tənzimlənməsi qlobal bazarlarda xammal və enerji qiymətlərində baş verən dəyişikliklərin daxili bazara təsirini azaltmağa, eləcə də ölkənin bütün bölgələrində, o cümlədən ucqar kəndlərdə məhsul və xidmətlərin eyni qiymətlə əlçatan olmasına imkan yaradır.
Lakin ərzaq məhsullarının satışına vahid ticarət əlavəsinin tətbiqi məsələsi birmənalı qarşılanmır. Bildirilir ki, ticarət əlavəsinə məhdudiyyət qoyulması bazar iqtisadiyyatının işləmə mexanizminə və qanunvericiliyə zidd ola bilər. Bununla yanaşı, bazarda hökmran mövqedən istifadə, qiymətlərin razılaşdırılması və rəqabətin məhdudlaşdırılması halları varsa, bu cür pozuntulara qarşı müvafiq tədbirlərin görülməsi zəruridir.
Pərakəndə ticarət sektoru, xüsusilə supermarket və market şəbəkələrinin genişləndiyi bir dövrdə, məhsulların istehlakçılara çatdırılmasında mühüm rol oynayır. Bu sahədə rəqabət qaydalarının pozulması həm sahibkarlara, həm də istehlakçıların hüquqlarına zərər vura bilər.