Azərbaycanda qiymətlərin proqnozlaşdırılandan daha çox artması dövlət büdcəsinə təsir göstərməsi mümkündür. Hökumətin hesablamalarına görə, inflyasiya ilə bağlı ən mənfi ssenarinin baş verməsi 2030-cu il üçün nəzərdə tutulan maliyyə hədəfindən kənarlaşmaya səbəb ola bilər.
Oxu.Az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsinin zərfində" əksini tapıb.
Sənəddə qeyd olunur ki, dünya bazarında neftin, qazın və digər məhsulların qiymətlərinin dəyişməsi Azərbaycanda da bahalaşmaya təkan verə bilər. Xüsusilə Yaxın Şərqdə davam edən gərginlik qiymətlərin artması baxımından risk yaradır.
Bundan başqa, ölkəmizin əsas ticarət tərəfdaşlarında qiymətlərin dəyişməsi və manatın digər valyutalara nisbətən ümumi dəyərinin zəifləməsi xaricdən gətirilən məhsulların bahalaşmasına səbəb ola bilər.
Hökumət bu riskləri nəzərə alaraq 2027-2030-cu illər üçün müxtəlif hesablamalar aparıb. Qiymət artımının gözləniləndən 0.5, 1 və 1.5 faiz bəndi yüksək və ya aşağı olması ehtimalları araşdırılıb.
Hesablamalara əsasən, inflyasiyanın dəyişməsi dövlət büdcəsinin gəlirlərinə və xərcləri qarşılamaq imkanlarına müəyyən təsir göstərsə də, bunun ümumilikdə məhdud olacağı gözlənilir.
Lakin ən mənfi ssenaridə 2030-cu il üçün müəyyən edilmiş mühüm maliyyə hədəflərindən biri yerinə yetirilməyə bilər.
Belə ki, neft-qaz gəlirləri nəzərə alınmadan hesablanan büdcə kəsirinin qeyri-neft iqtisadiyyatına nisbəti üçün 12 faizlik hədəf müəyyən edilib. Pessimist ssenaridə bu göstəricinin 12.5 faizə çatacağı proqnozlaşdırılır.
Bu isə o deməkdir ki, hökumət 2030-cu ildə dövlət maliyyəsinin neft-qaz gəlirlərindən asılılığını müəyyən həddə saxlamağı planlaşdırır. Ancaq qiymət artımı ilə bağlı mənfi ssenari gerçəkləşərsə, həmin həddin bir qədər aşılması mümkündür.
Bununla belə, sənəddə ölkə daxilində tələbatın artması səbəbindən qiymətlərə ciddi əlavə təzyiq yaranması ehtimalı aşağı qiymətləndirilir.
Abbas Mirzəyev