İsrailin Mərkəzi Seçki Komissiyası oktyabrın 27-də keçirilmiş parlament seçkisinin nəticələrini təsdiqləyib.
Oxu.Az-ın "N12" telekanalına istinadən verdiyi məlumata əsasən, səsvermənin yekunlarına təsir göstərə biləcək hər hansı qanun pozuntusu aşkar edilməyib.
Noyabrın 4-də nəticələr rəsmi olaraq ölkə Prezidenti İshaq Hersoqa təqdim olunacaq. Bundan sonra o, Knessetə daxil olan partiyaların rəhbərləri ilə məsləhətləşmələr aparacaq və deputatlardan birinə yeni hökuməti qurmağı tapşıracaq.
Bütün səslərin hesablanmasının yekunlarına görə, fəaliyyətdə olan Baş nazir Binyamin Netanyahunun "Likud" partiyası 120 yerdən 27-ni qazanıb.
Qadi Ayzenkotun rəhbərlik etdiyi əsas müxalifət partiyası "Yaşar" isə 21 mandat əldə edib. Netanyahu bloku 53, müxalifət isə 48 yerə sahib olub, daha 19 mandat ərəb partiyalarına çatıb. Lakin hökumətin formalaşdırılması üçün ən azı 61 yer tələb olunduğundan hələlik heç bir siyasi blok lazımi səs çoxluğuna malik deyil.
İlk namizədə Nazirlər Kabinetini qurmaq üçün 28 gün vaxt veriləcək və bu müddət daha iki həftə uzadıla bilər. Əgər cəhd uğursuz alınarsa, bu hüquq digər deputata keçəcək.
Danışıqlar 90 gün ərzində nəticəsiz qalarsa, ölkədə yenidən seçki keçirilə bilər. Yeni kabinet vəzifəsinin icrasına başlayana qədər Netanyahu baş nazir səlahiyyətlərini yerinə yetirməyə davam edəcək.