Azərbaycanda dilin yazılış qaydalarını əhatə edən yeni orfoqrafiya lüğətinin hazırlanması davam edir. Yeni nəşrdə sözlərin yazılışı dəqiqləşdiriləcək, bəzi sözlərin forması ilə bağlı dəyişikliklər təklif olunacaq.
Oxu.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, yeni lüğətə "avia" və "audio" ilə başlayan sözlərin daxil edilməsi nəzərdə tutulur.
Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli "aviamodel", "avianəqliyyat" kimi sözlərin yeni nəşrdə yer alacağını bildirib.
Bu prosesdə süni intellektdən də istifadə olunur.
Nadir Məmmədli qeyd edib ki, sözlər müxtəlif ciddi internet resurslarında yayımlanan mətnlərdən toplanır. Lakin süni intellektə sözdüzəldici şəkilçilər deyil, yalnız söz kökləri təqdim olunur. Bununla da sistemin əsassız və dilə uyğun olmayan yeni sözlər yaratmasının qarşısı alınır.
Yeni lüğətdə yazılış variantları ilə bağlı dəyişikliklər də nəzərdən keçirilir. Direktorun misal çəkdiyi təkliflərdən biri "əhvali-ruhiyyə" ifadəsinin yazılışının dəqiqləşdirilməsidir. Eyni sözün bir neçə yazılış forması varsa, onlardan yalnız birinin saxlanılması planlaşdırılır.
Nadir Məmmədli işlərin dekabrın 15-dək yekunlaşdırılmasının nəzərdə tutulduğunu bildirib. Hazırlanan nəşr daha sonra institutun Elmi Şurasında müzakirəyə çıxarılacaq. Sözlərin yazılışı ilə bağlı son dəyişikliklər isə müzakirələrdən sonra dəqiqləşdiriləcək.