ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, Viskonsin ştatının qubernatorluğuna namizəd, respublikaçı Tom Tiffani göyərtəsində olduğu təyyarənin dartı qüvvəsini itirdikdən sonra gölə məcburi eniş etdiyini bildirib.
Oxu.Az xəbər verir ki, siyasətçi bu barədə "X" sosial şəbəkəsində yazıb.
"Uçduğum təyyarə Vauso hava limanına yaxınlaşarkən dartı qüvvəsini itirdi. Pilot Vauso gölünün suyuna məcburi eniş etdi. Təyyarə batmağa başlayan kimi biz hava gəmisini tərk etdik və xilasediciləri gözlədiyimiz dayaz suya qədər üzdük", - deyə o qeyd edib.
Hadisədən sonra siyasətçi və təyyarənin pilotu yerli xəstəxanaya çatdırılıblar. Hər ikisinin yüngül xəsarət aldığı bildirilib.
"Wall Street Journal" qəzetinin yazdığına görə, siyasətçi "Beechcraft K35" yüngülmotorlu təyyarəsində uçub. Hadisə sentyabrın 12-si axşam saatlarında baş verib. Hava gəmisinin mühərrikinin sıradan çıxmasının səbəbi barədə hələlik məlumat verilmir.