Mahaçqalada (Rusiya Federasiyası, Dağıstan Respublikası) güclü yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə şəhər administrasiyasının "Telegram" kanalında məlumat verilib.
"Təcili xidmətlər gücləndirilmiş iş rejiminə keçiriliblər, nəticələrin aradan qaldırılması işləri aparılır, zərərçəkmiş sakinlərə yardımın göstərilməsi təşkil ediləcək", - deyə məlumatda bildirilib.
Daha əvvəlki məlumatlara görə, Mahaçqalada təxminən 20 fərdi ev su altında qalıb, Dağıstanın 132 yaşayış məntəqəsində elektrik kəsintiləri baş verib. Sinoptiklərin məlumatına görə, 27-29 mart tarixlərində respublikada güclü yağış və küləyin sürətinin 23 m/s-ə qədər artacağı proqnozlaşdırılır.
Dağıstanda leysan yağışlar ölkəni Venesiyaya çevirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "News.ru" "Telegram" kanalı məlumat verib.
Məlumata görə, yağıntıların miqdarı yüzillik rekordu qırıb. Belə ki, bir gündə bölgəyə 50 millimetrdən çox yağıb ki, bu da 1919-cu ilin martında qeydə alınan tarixi maksimumdan yüksəkdir.
Yollar demək olar ki, iflic vəziyyətinə düşüb, piyadalar isə alternativ yollar axtarmağa məcbur olurlar.
Dağıstanda güclü yağışlardan sonra daşqınlar baş verib, evlər su altında qalıb və infrastruktura ziyan dəyib, 60 mindən çox insan elektrik enerjisindən məhrum olub.
Dərbənddə çaylar məcrasından çıxıb, yollar su altında qalıb, sel suları isə avtomobilləri aşırıb.
Xasavyurtda dəmiryolu körpüsü dağılıb və üzərində nəqliyyatın hərəkəti dayandırılıb. Təcili xidmətlər yüksək hazırlıq vəziyyətinə gətirilib.