Bu gün səhər Günəşin ümumi aktivliyinin yüksəlməsi nəticəsində son iki həftə ərzində ən şiddətli alışma müşahidə edilib.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyasında bildirilib.
"İyul ayının 7-dən etibarən (iki həftədən artıq müddətdə) baş verən ən güclü partlayış Moskva vaxtı ilə 09:35-də (Bakı vaxtı ilə 10:35-də) reallaşıb. Bu proses son 24 saatda ulduzun aktivliyinin çoxalması səbəbindən yaranıb", - deyə məlumatda bildirilir.
Bununla yanaşı, son bir gün ərzində Günəş səthində 20-yə qədər oxşar alışmanın baş verdiyi də diqqətə çatdırılır.
Mütəxəssislər vurğulayıblar ki, sözügedən alışmalar Yer kürəsinə təsir edə biləcək geoeffektiv bölgələrdə baş versə də, hazırda planetimiz üçün birbaşa təhlükə mənbəyi deyil.