Hindistanın şimal-şərqində yerləşən Assam ştatında baş verən dağıdıcı daşqınlar nəticəsində həyatını itirənlərin sayı 78 nəfərə yüksəlib.
Oxu.Az xəbər verir ki, bu barədə ştatın Fövqəladə Hallar İdarəsindən məlumat verilib.
Xəbərə görə 300 mindən artıq yerli sakin hələ də fəlakətli təhlükə zonasında qalmaqdadır. Təbii fəlakət 551 yaşayış məntəqəsini su altında qoyub. Ən böhranlı vəziyyət 137 mindən çox insanın təbii fəlakətdən əziyyət çəkdiyi Çaraydeo dairəsində müşahidə olunur. Daşqınlar infrastruktura çox böyük ziyan vurub. Yollar, yaşayış binaları və məktəblər zədələnib, həmçinin 11 mindən çox ev və kənd təsərrüfatı heyvanı tələf olub.
Hindistanın daxili işlər naziri Amit Şah ştatın baş naziri Himanta Bisva Sarma ilə təcili danışıqlar aparıb. O qeyd edib ki, zərərçəkmiş bir sıra bölgələrdə suyun səviyyəsi tədricən azalmağa başlasa da, genişmiqyaslı dağıntılar səbəbindən vətəndaşların əksəriyyəti hələ də öz evlərinə qayıda bilmir. Bu arada, Hindistanın Meteorologiya İdarəsi yeni xəbərdarlıq yayıb. Yaxın iki gün ərzində Assamda yenidən güclü leysan yağışlarının yağacağı gözlənilir.