Hindistanın Maharaştra ştatında hərəkətdə olan qatardan yıxılan azı altı nəfər ölüb, bir o qədər də insan xəsarət alıb.
Bu barədə Oxu.Az "The Indian Express" qəzetinə istinadla xəbər verir.
Qəzetin məlumatına görə, insident Mumbaydan Laknauya gedən "Pushpak Express" qatarında baş verib.
Bildirilir ki, qatar qədərindən artıq dolub, insanlar isə vaqonların qapılarında dayanıblar. Bütün zərərçəkənlər xəstəxanaya çatdırılıblar. Ölənlərin ortalama yaş həddinin 30-35 olduğu bildirilir.
Hindistan Dəmir Yolu Nazirliyinin məlumatına görə, qatarların ağzınacan dolması ölkədə sərnişin axınının çoxluğu və nəqliyyat infrastrukturunun yetərsiz olması ilə bağlıdır.
Nazirlik qeyd edib ki, bu hadisədən sonra Mumbay şəhərətrafı qatarlarının qapıları avtomatik bağlama sistemi ilə təchiz ediləcək.