Hindistanın şimalında yerləşən Uttar-Pradeş ştatında iki qardaş xalası oğlu ilə romantik münasibətlərdə olduğu üçün Cehan adlı bacılarının başını kəsiblər.
Oxu.Az “The Gulf News”a istinadən xəbər verir ki, edam onlarla yerli sakinin gözü qarşısında həyata keçirilib.
Polislərin sözlərinə görə, Nanhe və Gul Həsən qardaşları öncə bacını evdən çıxararaq döyüblər. Qətldən sonra qızın kəsilmiş başı ilə kənddə gəzdikdən sonra gizləniblər.
Hüquq mühafizə orqanlarının əməkdaşları hələlik yalnız qətlə yetirilən qızın xalasıoğlunu dindiriblər.
Polisdə qətlin namus üstə törədildiyi ehtimal edilir. Ehtimal olunur ki, ailə qızın qohum ilə əlaqə ləkəsini qanla yumaq qərarına gəliblər.
“Namus üstə qətl” hələ də Hindistanın şimal ştatlarında, əsasən Pencab, Racasthan, Uttar-Pradeş və Haryanda geniş yayılıb. 2010-cu ildə Ali məhkəmə “namus üstə qətl”lərin qarşısının alınmasına xüsusi diqqət ayırmağı tələb edib.
2015-ci ilin mayında Bihar ştatında yerli sakinlər sevgili cütlüyü qətlə yetirmişdilər. 25 yaşlı Caram Manchi və onun 16 yaşlı sevgilisini öldürüb kənddən kənarda yandırmışdılar.