Sentyabrın 14-də "Mançester Siti"nin "Mançester Yunayted" üzərində 1:0 hesablı qələbəsi zamanı Erlinq Holandın vurduğu qələbə qolunun VAR vasitəsilə qeydə alınmasına icazə verən videohakim Mett Donoxyu qarşıdakı həftəsonu keçiriləcək Premyer Liqa oyunlarının heç birinə təyin olunmayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
VAR üzrə köməkçi hakim Bleyk Antrobus da heç bir oyuna təyinat almayıb. Hakimlik qurumu "Pro Ref" sentyabrın 13-də verdiyi açıqlamada Holandın həlledici qolunun qeydə alınmasına icazə verilməsinin VAR tərəfindən verilmiş səhv qərar olduğunu etiraf edib.
Qərar hakimlər üzrə baş məsul şəxs Hovard Vebb və rəhbərlik komandası tərəfindən qəbul edilib.
Holandın ikinci hissədə vurduğu qol əvvəlcə ofsayd səbəbindən ləğv edilib. Lakin VAR yoxlamasından sonra norveçli hücumçunun ofsaydda olmadığı müəyyənləşdirilərək qol qeydə alınıb.
Bununla belə, hakimlik qurumu daha sonra bildirib ki, VAR ofsayd vəziyyətində olan və topa toxunmağa cəhd edən komanda yoldaşı Enzo Fernandesin oyuna təsirini nəzərə almayıb.