Ötən ilin noyabrında Honkonqda 168 nəfərin ölümü ilə nəticələnən dəhşətli yanğına söndürülməmiş siqaret kötüyünün səbəb olduğu bildirilir.
Oxu.Az xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri iş üzrə ilk açıq dinləmələrə istinadən məlumat yayıb.
"Yanğından əvvəl bu ərazidə kiminsə siqaret çəkdiyinə dair dəlillər var", - deyə nəşrdə bildirilib.
Məlumata görə, yanğın böyük ehtimalla söndürülməmiş siqaretlər səbəbindən tezalışan materialların alovlanması nəticəsində baş verib.
Hadisənin baş verməsinə elektrik naqillərində nasazlıq və qaz sızmasının səbəb olması istisna edilir.
Qeyd olunur ki, binaların fasadında təmir işləri zamanı işçilər qadağaya baxmayaraq, siqaret çəkiblər. Yanğın kompleksin çoxmərtəbəli binalarından birində 104 və 105 nömrəli mənzillərdən başlayıb. Dinləmədə nümayiş etdirilən görüntülərdə pəncərədən tüstülənən siqaretlərin közləri görünür.
Yanğın aşağıkeyfiyyətli və yanğına davamlı olmayan tikinti torları və tezalışan penopolistirol qoruyucu lövhələrin istifadəsi səbəbindən sürətlə yayılıb.
Videoyazıların birində alovun cəmi 90 saniyə ərzində binanın yuxarı hissəsinə çatdığı, tüstünün cəmi 10 dəqiqə ərzində dəhlizləri bürüdüyü görünür. Yanan torların qığılcımları tez bir zamanda qonşu otaqlara sıçrayıb.
Xatırladaq ki, dəhşətli yanğın 2025-ci ilin noyabrın 26-da Honkonqun Tay Po rayonunda səkkiz çoxmərtəbəli yaşayış binasından ibarət "Wang Fuk Court" adlanan kompleksdə baş verib.
Alov noyabrın 28-də söndürülüb. Yeddi bina yanıb. Təxminən 5 min nəfər evsiz qalıb.