Çinin və Çin Xalq Respublikasının xüsusi inzibati rayonu (XİR) Honkonqun (Syanqanın) bayraqları ən azından 128 nəfərin həyatına son qoymuş yanğının qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq bütün hökumət binalarında və obyektlərində dekabrın 1-dək endiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri yazıb.
Bildirilir ki, hakimiyyət orqanları hökumət tərəfindən sponsorluq edilən və ya təşkil olunan bütün əyləncə və bayram tədbirləri ləğv edilir. Honkonq administrasiyasının (hökumətinin) rəhbəri Con Li (Li Tsziaçao) digər yüksək vəzifəli məmurlarla birlikdə şənbə günü səhər saat 8:00-da (Bakı vaxtı ilə saat 4:00 - red.) üçdəqiqəlik sükut keçirəcək.
Matəm müddətində şəhərin bütün rayonlarında başsağlığı kitabı yerləşdiriləcək - şəhər sakinləri kitabda ürək sözlərini yaza biləcəklər.
Eyni zamanda, şəhər administrasiyası nümayəndələrinin məlumatına görə, Honkonqda yanğından zərərçəkənlərə yardım üçün hökumət fondu cümə günü axşamadək 800 milyon Honkonq dolları (təxminən 102 milyon dollar) toplayıb.