Tehranda İmam Xomeyninin türbəsinə silahlı hücum edənlərdən ikisi qadın olub.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, qadınlardan biri özünü partladıb, ikincisi isə tutulub.
Silahlı şəxslərdən birini hüquq-mühafizə orqanlarının əməkdaşları zərərsizləşdirib, digəri isə sianid turşusu içərək özünü öldürüb.
Hadisənin bəzi təfərrüatları da açıqlanıb. Məlum olub ki, hücum edənlərdən 3 nəfəri ətrafdakılara atəş açıb, biri isə üzərindəki partlayıcını işə salıb.
Hadisə nəticəsində 1 nəfər ölüb, beş nəfər yaralanıb.
İran dövlət televiziyası isə Xomeyninin türbəsinin ərazisində daha bir partlayışın baş verdiyi barədə məlumat yayıb. Məlumatda kamikadzenin özünü partlatdığı bildirilir. Ölən və yaralananlar barədə xəbər verilmir.
Qeyd edək ki, eyni vaxtda İran parlamentinə də silahlı hücum olub. Nəticədə 7 nəfər ölüb. Silahlı şəxslər 4 nəfəri hələ də girov saxlayırlar.
13:02
Tehranda İmam Xomeyni mavzoleyində daha bir partlayış olub.
Oxu.Az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
12:50
Polis və təhlükəsizlik qüvvələri bu gün səhər Tehranda Ayətullah Xomeyninin mavzoleyi yaxınlığındakı bombanı zərərsizləşdirib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, “Mehr” agentliyinin məlumatına görə, mavzoleyin yaxınlığındakı metro stansiyası təhlükəsizlik səbəbiylə bağlanıb.
Xatırladaq ki, Tehranda Xomeyninin mavzoleyinə hücum həyata keçirilib, 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
İranın daxili işlər naziri Rəhmani Fəzli bildirib ki, ölkə parlamenti və mavzoleyə hücumların səbəblərinin araşdırılması üçün bu gün Tehranda Təhlükəsizlik Şurasının növbədənkənar iclası keçiriləcək.
12:39
İranın dövlət televiziyası İmam Xomeyni türbəsinə hücum edənlərin 3 nəfər olduğu barədə məlumat yayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, onlardan biri öldürülüb, biri dərman ataraq intihar edib, bir nəfəri isə həbs olunub. Bu məlumatı rəsmi mənbələr hələlik təsdiqləməyib.
Bəzi məlumatlara əsasən, İmam Xomeyinin türbəsində öldürülən şəxs 35 yaşlı kişidir. Onun məqbərədə fəhlə olduğu deyilir.
Məlumata görə, türbəyə hücum zamanı 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
12:04
İranın Təhlükəsizlik qüvvələri Tehranda İmam Xomeyni mavzoleyinə hücum edən ikinci şəxsi də zərərsizləşdirilib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə mavzoleyin mətbuat xidməti məlumat yayıb.
Daha öncə İran paytaxtının cənubunda yerləşən İmam Xomeyni mavzoleyində atışma zamanı bir nəfərin öldüyü, beş nəfərin yaralandığına dair məlumat yayılmışdı. Bundan başqa, mavzoleyə hücum edənlərdən biri əyninə geyindiyi partlayıcılı jileti partladıb. İki nəfər saxlanılıb.
Mətbuat xidmətində dəqiqləşdiriblər ki, hücum edənlərdən biri ona atəş açıldıqdan sonra özünü partladıb.
11:10
İranda İmam Xomeyinin mavzoleyinə hücum zamanı ölən və yaralananlarla bağlı məlumatlar yayılmağa başlayıb.
Oxu.Az hurriyet.com.tr-yə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, silahlı basqın zamanı 1 nəfərin öldüyü, daha 5 nəfərin isə yaralandığı bildirilir.
10:54
İranın İribnews saytının məlumatına görə, İmam Xomeyinin mavzoleyinə hücum edən şəxslərdən iki nəfər həbs olunub. Bir nəfər isə özünü partladıb. Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.
Oxu.Az maide.az saytına istinadən xəbər verir ki, parlamentə hücum edən şəxslər və mühafizəçilər arasında atışma davam edir.
10:37
Bu gün səhər silahlı şəxs İmam Xomeyinin (r.ə) hərəminə girərək odlu silahdan atəş açıb.
Oxu.Az maide.az İranın “jamnews” xəbər saytına istinadən xəbər verir ki, silahlı şəxsin açdığı atəş nəticəsində bir neçə nəfər yaralanıb.
A.M.