İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi-Dəniz Qüvvələri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində yerləşən, ABŞ-nin "Oracle" şirkətinə məxsus hesablama mərkəzinə zərbə endirib.
Oxu.Az xəbər verir ki, bu barədə SEPAH-ın "X" sosial şəbəkəsində yaydığı bəyanatda bildirilir.
"Biz ABŞ-nin iki şirkətinin - Dubaydakı "Oracle" və Bəhreyndəki "Amazon"un data mərkəzlərinə zərbələr endirdik. Daha əvvəl xəbərdarlıq etmişdik ki, iranlıların qətlə yetirilməsinə cavab olaraq hərəkətlərimiz terror maşınının sıradan çıxarılmasına yönələcək", - deyə məlumatda vurğulanıb.
Öz növbəsində, Dubay hökuməti ABŞ-nin "Oracle" şirkətinə məxsus data mərkəzinə zərbə endirilməsi ilə bağlı məlumatı təkzib edib.
"İranın "Oracle" məlumat emalı mərkəzini hədəfə aldığı barədə xəbərlər həqiqətə uyğun deyil", - deyə açıqlamada bildirilir.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə "Amazon" şirkətinin data mərkəzinə hücum edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim"ə istinadən SEPAH məlumat yayıb.
Məlumata görə, data mərkəzi məhv edilib. SEPAH vurğulayıb ki, "terror hücumları" davam edərsə, ABŞ şirkətləri "daha sərt şəkildə cəzalandırılacaq".
"Amazon"un Bəhreyndəki data mərkəzi Yaxın Şərqdə müharibənin əvvəlində də İranın zərbələrinə məruz qalmışdı.
Martın 31-də SEPAH İrana qarşı hücumlar davam edəcəyi təqdirdə regionda "Intel", "Cisco" və "Microsoft" daxil olmaqla ABŞ-nin 18 IT şirkətinin obyektlərinə zərbə endirməklə hədələmişdi.