İran Hörmüz boğazından keçərkən qaydaları pozan gəmilərə məhdudiyyətlər, cərimələr tətbiq etməyi və gəmiləri müsadirə etməyi planlaşdırır.
Oxu.Az-ın IRIB "Telegram" kanalına istinadən xəbərinə görə, bu barədə İranın Hörmüz Gəmiçiliyinə Nəzarət İdarəsi məlumat verib.
Məlumata görə, qanun pozucuları boğazdan istifadəyə davam etdikləri təqdirdə cərimələr, saxlanılmalar və ya gəmilərinin müsadirəsi təhlükəsi ilə üzləşəcəklər. Fars körfəzinə və əks istiqamətdə daşımalar həyata keçirən gəmi sahiblərinə problemlərin qarşısını almaq üçün qayda pozanların siyahısı ilə tanış olmaları tövsiyə olunub.
Qeyd olunur ki, artıq siyahıya daxil edilmiş qayda pozucuları ilə əməkdaşlıq edən gəmilər də siyahıya əlavə olunacaq. Siyahıdan çıxarılmaq üçün idarəetmə strukturlarına xüsusi sorğu göndərmək və İran qaydalarının pozulmasının səbəbini göstərmək lazımdır.
İran və Oman Hörmüz boğazından gəmi daşımalarını bərpa edəcək razılaşma üzərində danışıqlar aparırlar. Regionda olan iki mənbənin məlumatına görə, saziş iki ölkə arasında 60 günlük müvəqqəti razılaşmanı nəzərdə tutur ki, buna əsasən, boğazdan və Fars körfəzindən keçən bütün gəmilər İran sularından keçərək şimal marşrutu ilə hərəkət etməlidir. Hörmüzdən keçən və Ərəbistan dənizinə gedən bütün çıxış trafiki isə İranla koordinasiyalı şəkildə Oman sularından keçməklə, cənub marşrutu üzrə olacaq.