Küveytin aviasiya qurumları ölkənin hava məkanını yalnız iki daşıyıcı - "Jazeera Airways" və "Kuwait Airways" üçün açıb. Digər aviaşirkətlər üçün isə uçuş qadağası hələ də qüvvədədir.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a Yaxın Şərqin aviadaşıma xidmətlərindəki mənbə məlumat verib.
"Küveyt səması "Jazeera Airways" və "Kuwait Airways" təyyarələri üzünə açılıb, onların uçuşları üçün bir sıra nəzarət nöqtələri və dəhlizlər müəyyən edilib", - deyə mənbə bildirib.
Qeyd edilib ki, digər aviaşirkətlər üçün hava məkanı iyunun 4-ü, cümə axşamı ümumdünya vaxtı ilə saat 12:00-a (Bakı vaxtı ilə 16:00) qədər bağlı qalacaq. Həmçinin, bu iki şirkətə ehtimal olunan gecikmələr və ya başqa hava limanlarına yönləndirmə halları üçün əlavə yanacaq ehtiyatına malik olmaları tələbi barədə xəbərdarlıq edilib.
Bundan əvvəl əmirliyin Mülki Aviasiya Baş İdarəsi beynəlxalq hava limanının terminalının İrandan atılan raketlər və pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığını açıqlamışdı. Rəsmilər bütün uçuşların dayandırılması və gələn reyslərin digər aeroportlara istiqamətləndirilməsi barədə qərar qəbul etmişdilər.
Əmirliyin Səhiyyə Nazirliyinin məlumatına görə, İranın Küveytə endirdiyi zərbələr nəticəsində ən azı 63 nəfər xəsarət alıb.
Qurumun bəyanatında qeyd olunur ki, 3 iyun çərşənbə günü baş verən hücum nəticəsində aeroport işçiləri və sərnişinlər də daxil olmaqla onlarla insan yaralanıb.
Küveyt Xarici İşlər Nazirliyinin məlumatına əsasən, bir nəfər aldığı ağır xəsarətlərdən həyatını itirib.
İran tərəfindən Küveytin beynəlxalq hava limanının terminalına dron və ballistik raketlərlə həyata keçirilən hücum nəticəsində bir nəfər həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə Küveytin Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesablarında açıqlama verilib.
"İranın ballistik raketlər və pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirdiyi fasiləsiz hücumları ilə əlaqədar Küveyt dövləti qəti etirazını bildirir və bunu şiddətlə qınayır. Bu gün sübh tezdən baş verən sonuncu hücum yenidən mülki və strateji obyektləri, eləcə də Küveyt beynəlxalq hava limanını hədəf alıb. Hadisə nəticəsində bir nəfər ölüb, bir neçə şəxs yaralanıb, həmçinin diplomatik missiyalar da daxil olmaqla mühüm infrastruktura ziyan dəyib", - deyə açıqlamada vurğulanır.
Küveyt Beynəlxalq Hava Limanının sərnişin terminalı İrandan atılan raketlər və pilotsuz uçuş aparatlarının (PUA) hədəfinə çevrilib.
Oxu.Az xəbər verir ki, bu barədə KUNA informasiya agentliyi Küveyt Əmirliyinin Mülki Aviasiya Baş İdarəsinə istinadən məlumat yayıb.
"T1 sərnişin terminalı İranın PUA və raketlərinin hücumuna məruz qaldıqdan sonra Küveyt Beynəlxalq Hava Limanında fövqəladə hallar üçün hərəkət planı işə salınıb", - deyə açıqlamada qeyd olunub.
Küveytin Mülki Aviasiya Baş İdarəsinin məlumatına əsasən, bu zərbələr hava limanının bir sıra obyektlərinə ciddi ziyan vurub, yaralananlar var. Baş vermiş insidentlə əlaqədar olaraq, rəsmilər sonrakı xəbərdarlığa qədər bütün gedişlərin dayandırılması və gələn reyslərin başqa hava limanlarına yönləndirilməsi barədə qərar qəbul ediblər.
Bundan başqa Yaxın Şərqin aviastansiya xidmətlərindəki mənbəyə istinadən TASS-ın yaydığı məlumata görə, paytaxtın beynəlxalq hava limanına edilən hücumdan sonra Küveytin hava məkanı bir sutka ərzində fəaliyyətini dayandırıb.
"Küveytin hava məkanının təxminən 4 iyun, cümə axşamı günü ümumdünya vaxtı ilə saat 12:00-a qədər bağlı qalacağı gözlənilir", - deyə açıqlamada bildirilib.