İran parlamentində terrorçuların zərərsizləşdirilməsi üçün keçirilən əməliyyat başa çatıb.
Oxu.Az APA-nın İran bürosuna istinadən xəbər verir ki, Milli Məclisə hücum edən 4 silahlının hamısı məhv edilib.
Hazırda binada axtarış aparılır.
Əməliyyat başa çatdıqdan sonra İran parlamentinin spikeri Əli Laricani hadisə yerinə baxış keçirib.
14:49
İranda Parlamentə və Xomeyninin mavzoleyinə hücum nəticəsində iki nəfər ölüb, 34 nəfər yaralanıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə İranın DİN rəhbəri Hüseyn Zülfüqari bildirib.
Onun sözlərinə görə, yeni terror aktlarının törədilməsinə yol verməmək üçün bütün güc strukturları döyüşə hazır vəziyyətdədir.
Nazir müavini bəyan edib ki, İran parlamentinə hücum edən terrorçular binaya əsas girişdən, qadın paltarında daxil olublar.
12:58
İran parlamentinə hücum edənlərdən biri özünü partladıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.
“Kamikadze İran parlamentinin dördüncü mərtəbəsində özünü partladıb”, - Mehr agentliyinin “Twitter” səhifəsində bildirilib.
Ölənlər və yaralananlar haqqında məlumat yoxdur.
12:18
İran Parlamentində atışma zamanı yeddi nəfər ölüb, daha dörd nəfər girov götürülüb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə TASNİM agentliyi məlumat yayıb.
11:50
İran parlamentinə silahlı hücum edən dörd nəfər saxlanılıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.
Müxtəlif versiyalara görə, hücum edənlərdən biri kamikadze olub, onu təhlükəsizlik xidmətinin əməkdaşları mühasirəyə alıblar.
TASNİM-in yaydığı məlumata görə, parlamentdə baş verən atışmanın iştirakçılarından biri binanı tərk edərək küçədə atəş açıb.
11:30
İran parlamentinə hücum edən dörd nəfər mühasirəyə alınıb.
Oxu.Az bu barədə İSNA-ya istinadən xəbər verir.
Agentliyin məlumatına görə, kimliyi hələ müəyyən edilməyən dörd silahlı şəxs yerli vaxtla saat 10:30-da (Bakı vaxtı ilə saat 10:00) parlamentə hücum edib və mühafizə əməkdaşlarına atəş açıblar.
Hazırda hücum edən şəxslər parlament dəftərxanasında mühasirəyə alınıblar, onların saxlanılması üzrə əməliyyat aparılır.
10:46
İran parlamentinə hücum zamanı yaralanan təhlükəsizlik xidmətinin əməkdaşı ölüb.
Oxu.Az bu barədə Mehr-ə istinadən xəbər verir.
Məlumata görə, hücum edənlərdən biri saxlanılıb.
10:39
İran Parlamentində atışma davam edir, girov götürülüb.
Oxu.Az Tasnim-ə istinadən xəbər verir ki, üç naməlum şəxs “Kalaşnikov” avtomatlarından və tapançadan atəş açıblar.
İlkin məlumata görə, üç nəfər yaralanıb, yaralananlardan biri təhlükəsizlik xidmətinin əməkdaşıdır.
10:24
İran parlamentində baş verən atışma nəticəsində ən azı iki nəfər yaralanıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə TASNİM agentliyi “Twitter” səhifəsində məlumat yayıb.

S.S.
www.oxu.az