"İran hökuməti müharibə nəticəsində zərər görmüş nüvə obyektlərinə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlərinin buraxılması məsələsini yalnız sanksiyaların tam şəkildə qaldırılmasından sonra müzakirə etməyə hazırdır".
Oxu.Az xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər nazirinin müavini Kazım Qəribabadi "X" hesabında məlumat verib.
"Hücuma məruz qalmış obyektlərə və nüvə materiallarına girişin təmin edilməsi ilə bağlı hər hansı bir plan mövcud deyil. Bu cür məsələlər yalnız yekun razılaşma çərçivəsində, qarşı tərəfin bütün sanksiyaların tam ləğvi və digər öhdəliklərin yerinə yetirilməsi istiqamətində əməli addımlar atmasından sonra nəzərdən keçiriləcək və həllini tapacaq", - deyə o paylaşımında bildirib.
Qeyd edək ki, iyunun ortalarında ABŞ və İran tərəfləri bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar. İyunun 21-də isə İsveçrənin Bürgenstok şəhərində Qətər və Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında memorandumun icrasına dair danışıqlar baş tutub. Daha sonra isə ABŞ prezidenti Donald Tramp Tehranla Vaşinqton arasında BAEA-nın müfəttişlərinin İslam Respublikasına qaytarılması ilə bağlı razılıq əldə olunmayacağı təqdirdə, ABŞ-li rəsmilərin iranlı həmkarları ilə gələcək görüşlərini ləğv edəcəyi ilə hədələyib.