İsrailin müdafiə naziri İsrael Kats bəyan edib ki, Vaşinqton tərəfindən müvafiq çağırışlar edilsə belə, İsrail ordusu Livanın cənub ərazilərindən geri çəkilməyəcək.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Ynet" xəbər verir.
"ABŞ-dən belə bir tələb olsaydı belə, biz Livanın cənubunu tərk etməzdik", - deyə nazir bildirib və əlavə edib ki, İsrailin Suriyadakı təhlükəsizlik zonasından da çıxmaq planı yoxdur.
Katsın sözlərinə görə, İsrail silahlı qüvvələri "düşmən torpaqlarında qalmalı" və ölkə vətəndaşlarının təhlükəsizliyini məhz oradan təmin etməlidir. Nazir bildirib ki, təhlükəsizlik zolağından köçkün düşən 200 min Livan vətəndaşı öz yaşayış yerlərinə dönməyəcək. Buna səbəb kimi, keçmişdə mülki şəxslərin sözügedən zonada yaşadığı dövrlərdə İsrail əsgərlərinə qarşı həyata keçirilən hücumlar göstərilib.
Livanın hökumət rəhbəri Nəvaf Salam isə qeyd edib ki, Beyrutun əsas tələbi İsrail qüvvələrinin ölkə ərazisini tamamilə tərk etməsidir. O, "Hizbullah" qruplaşmasını üzərinə düşən vəzifələri icra etməyə çağırdığını deyib. Həmin şərtlər sırasına dövlət nəzarətinin Livanın hər yerində bərqərar edilməsi və Litani çayının cənubunda qalan bölgələrin tam silahsızlaşdırılmasına zəmanət verilməsi aiddir.
Məlumata görə, İsveçrədə Amerika Birləşmiş Ştatları ilə müzakirələr aparan İran diplomatları bəyan ediblər ki, Livan ərazisində İsrail ordusu ilə "Hizbullah" arasındakı toqquşmaların bitməsi və İsrail qoşunlarının bölgədən geri çəkilməsi vacibdir. Bu addımlar Vaşinqtonla Tehranın böhranı həll etmək istiqamətindəki səylərini davam etdirə bilməsi üçün əsas şərtlər kimi irəli sürülüb.
Həmçinin Bürgenştokda keçirilən danışıqlarda tərəflər Livanın cənubunda İsrail və "Hizbullah" arasında atəşkəsə nəzarət mexanizmi yaratmaq barədə razılığa gəliblər.