Belçikada fəaliyyət göstərən SNCB dəmir yolu şirkəti yüksək temperaturla əlaqədar olaraq hər gün təqribən 100 qatar səfərinin təxirə salındığını bəyan edib.
Oxu.Az bildirir ki, bu barədə "The Brussels Times" nəşri xəbər yayıb.
Qoyulan məhdudiyyətlər bu gündən etibarən qüvvəyə minir və cümə gününə qədər davam edəcək. Qeyd olunan müddət ərzində şəhərətrafı reyslərin sayı aşağı salınacaq, Brüssel və Paris arasındakı qatar xəttində isə hərəkət sürəti saatda 170 kilometrə qədər endiriləcək. Nəticədə gediş müddəti əlavə olaraq 12 dəqiqə uzanacaq.
Səbəb kimi köhnə qatarlarda kondisionerlərin olmaması və temperaturun təxminən +38 dərəcəyə yüksəlməsi nəticəsində avadanlıqların həddindən artıq isinmə təhlükəsi qeyd edilib. Sinoptiklərin proqnozlarına görə, Belçikada temperaturun cümə günü maksimum həddə çatacağı gözlənilir.
Ölkə üzrə anomal istilər səbəbindən "narıncı" təhlükə dərəcəsi elan edilib. Vətəndaşlara sıxlığın ən çox olduğu saatlarda yola çıxmamaq və səfər qrafiklərini SNCB-nin mobil əlavəsi vasitəsilə izləmək məsləhət görülür. Həmin tətbiqdə vaqonların sərnişinlərlə doluluq səviyyəsi canlı rejimdə əks olunur. Həmçinin, şirkət sərnişinlərin diqqətinə çatdırıb ki, stansiyalarda quraşdırılmış aparatlar vasitəsilə ödənişsiz içməli su əldə etmək mümkündür.