İranın şimalında, Tehran əyalətində yerləşən Şəmsabad sənaye şəhərində baş verən güclü partlayış və yanğın nəticəsində 18 nəfər xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə xarici KİV-ə istinadən Tehran əyalətinin fövqəladə hallar xidmətinin nümayəndəsi Şarvin Təbrizi məlumat verib.
Məlumata görə, xəsarət alanlardan dördü xəstəxanaya yerləşdirilib.
İlkin məlumata əsasən, hadisəyə maye qaz çənində baş verən alovlanma səbəb olub.
Səlahiyyətli qurumlar bildiriblər ki, insident mərmi zərbəsi və ya hər hansı hərbi hücumla əlaqəli deyil.
İranın Tehran əyalətində yerləşən Şəmsabad sənaye şəhərində güclü partlayış baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.
Sosial şəbəkələrdə yayılan videogörüntülərdə hadisənin baş verdiyi alüminium zavodunun üzərindən qatı tüstünün qalxdığı əks olunur.
İran KİV-in məlumatına görə, partlayış yanacaq çəninin alovlanmasından sonra baş verib. Alovun söndürülməsi işlərinin davam etdiyi bildirilir.
Bəzi mənbələr iddia edirlər ki, müəssisənin ərazisində PUA-lar (pilotsuz uçuş aparatı - dron) istehsal olunurmuş. Bundan əlavə, bəzi şahidlər partlayışdan əvvəl raket səsinə bənzər qeyri-adi uğultu eşitdiklərini iddia ediblər.
İran hakimiyyəti hadisənin səbəbi və zərər görən müəssisənin fəaliyyətinin xarakteri ilə bağlı hələlik rəsmi açıqlama verməyib.