UEFA qitənin ən nüfuzlu klub turnirləri olan Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının əsas mərhələsi üçün sarı vərəqə limitində mühüm dəyişikliyə imza atıb.
Oxu.Az xəbər verir ki, yeni qaydalara əsasən, futbolçuların növbəti oyunu buraxması üçün qırmızı vərəqəyə çevrilməyən 4 sarı vərəqə alması tələb olunacaq.
Cəzaların davamlılığı isə cüt saylı xəbərdarlıqlar üzərindən hesablanacaq: oyunçular 6-cı, 8-ci və sonrakı hər cüt sarı vərəqədə yenidən diskvalifikasiya ediləcəklər.
Bununla belə, avrokubokların təsnifat mərhələlərində əvvəlki sistem qüvvədə qalacaq. Həmin mərhələlərdə ilk cəza 3 sarı vərəqədən, sonrakı diskvalifikasiyalar isə hər tək saylı xəbərdarlıqdan sonra tətbiq olunacaq.
Qitə futbol qurumu bu qərarı 2024/2025 mövsümündən tətbiqinə başlanılan genişmiqyaslı avrokubok islahatları ilə əlaqələndirib. Çempionlar Liqası və Avropa Liqasının əsas mərhələsində oyun sayının 6-dan 8-ə yüksəldilməsi fonunda köhnə sistemin saxlanılması cəzalı duruma düşən futbolçuların sayının kəskin artmasına səbəb ola bilərdi.
Maraqlıdır ki, əsas mərhələsi hələ də 6 matçdan ibarət olan Konfrans Liqası da yeni qaydalara tabe olacaq. UEFA bu addımı qış "transfer pəncərəsi" zamanı futbolçuların müxtəlif avrokubok turnirlərində çıxış edən klublar arasında mümkün yerdəyişmələri zamanı yarana biləcək problemlərin qarşısını almaqla izah edib.