ABŞ kəşfiyyatı İranın Vaşinqtonda Prezident Donald Tramp administrasiyasının yüksək vəzifəli məmurlarına hücum planları hazırladığı barədə məlumatlar əldə edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "CNN 17" telekanalı ABŞ rəsmiləri arasındakı yeddi mənbəyə istinadən məlumat verib.
Bildirilib ki, hücum üçün "çirkli bomba" adlanan bombadan və ya kimyəvi silahdan istifadə edilə bilər.
Hazırda ABŞ hakimiyyəti Tehranın belə sui-qəsdin həyata keçirilməsi üçün real imkanlara malik olub-olmadığını və belə bir addıma cəsarət edib-etməyəcəyini müzakirə edir. Eyni zamanda, rəsmi şəxslər vurğulayırlar ki, ABŞ qeyri-ənənəvi silahlardan istifadə ilə edilən hücumlara son dərəcə həssasdır.
Mütəxəssislər qeyd edirlər ki, radioaktiv materiallara malik ənənəvi yüklər olan "çirkli bombalar"ın hazırlanması nisbətən asandır. Terror aktının həyata keçirilməsi üçün İranın ABŞ-yə təlim keçmiş agentlər göndərməsinə ehtiyac yoxdur, bunu icra edəcək şəxsi artıq ABŞ ərazisində yaşayanlar arasında tapa bilərlər. Telekanalın mənbələrindən biri bildirib ki, kəşfiyyat İranın partlayıcı qurğuların hazırlanması üçün materialları artıq ABŞ ərazisində gizlətdiyinə dair məlumat əldə edib.