"Səudiyyə Ərəbistanı ərazisində yerləşən ABŞ-yə məxsus Şahzadə Sultan aviabazasına İran tərəfindən hücum edilib. Nəticədə Amerikanın bir yanacaqdolduran təyyarəsi tamamilə sıradan çıxarılıb, daha üçü isə zədələnib".
Oxu.Az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" hərbi komandanlığının mərkəzi qərargahının rəsmi nümayəndəsi İbrahim Zülfəqari bəyan edib.
İranın rəsmi dövlət televiziyasının yayımladığı həmin bəyanatda qeyd olunur:
"Ötən gecə Əl-Xərc bölgəsindəki (Səudiyyə Ərəbistanı - red.) ABŞ hərbi bazasına İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən PUA və raketlərlə zərbələr endirilib. Həyata keçirilən əməliyyat nəticəsində bir tanker təyyarəsi məhv olub, üçü isə zədələnərək istifadəyə yarasız hala düşüb".
Səudiyyə Ərəbistanında yerləşən Şahzadə Sultan aviabazasına İran tərəfindən edilən hücum zamanı on ABŞ hərbçisi xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" məlumat paylaşıb.
Xəbərə əsasən, İranın pilotsuz uçuş aparatları və ballistik raketlərlə endirdiyi zərbələr hərbi bazadakı bir neçə ABŞ tanker təyyarəsinin də zədələnməsinə səbəb olub.
"CBS News" telekanalına danışan ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndəsi qeyd edib ki, hərbi əməliyyatlar başlayandan bəri 303 ABŞ hərbçisi döyüşlərdə yaralanıb. Onların 273 nəfəri yenidən öz xidmətinə davam edir. Rəsminin sözlərinə görə, xəsarət alanların 75 faizdən çoxunda kəllə-beyin travması qeydə alınıb. Yaralı on amerikalı hərbçinin vəziyyəti isə kritik olaraq dəyərləndirilir.
Pentaqonun açıqladığı rəsmi rəqəmlərə əsasən, İrana qarşı aparılan hərbi əməliyyatların başlandığı vaxtdan indiyədək 13 ABŞ hərbçisi həyatını itirib.