ABŞ hökuməti İran tərəfindən gözlənilən hücum xəbərdarlıqları fonunda Yaxın Şərqdə yerləşən bəzi nümayəndəliklərindən diplomatları və onların ailə üzvlərini təcili şəkildə təxliyə etməyə başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı mənbələrə istinadən CNN telekanalı yayıb.
"Təxliyə prosesi məyusedici və xaotik bir deja-vü kimi xarakterizə edilir, çünki ölkəni tərk edənlərin əksəriyyəti İranla münaqişənin ən qızğın çağında getdikdən sonra öz vəzifələrinə yenicə qayıtmışdılar", - deyə məlumatda bildirilir.
ABŞ Dövlət Departamentinin 23 oktyabr tarixli xidməti qeydində bildirilir ki, Tehran amerikalı əməkdaşları müəyyənləşdirmək və onlara zərbə endirmək istiqamətində səylərini əhəmiyyətli dərəcədə artırıb.
ABŞ kəşfiyyatının məlumatına əsasən, həm Yaxın Şərq regionunda, həm də digər dövlətlərdə Birləşmiş Ştatlar vətəndaşlarına qarşı planlaşdırılan əməliyyatların hazırlıq prosesi irəliləmiş mərhələyə qədəm qoyub. Eyni zamanda, Tehran tərəfindən dəstəklənən Yəmən husilərinin fəaliyyəti də Vaşinqtonda ciddi narahatlıq doğurur. Onların hücumlarının şiddətlənməsi səbəbindən Dövlət Departamenti Səudiyyə Ərəbistanından təcili tapşırıqları icra etməyən personalın və onların ailə üzvlərinin çıxarılması barədə göstəriş verib.
Bundan əlavə, ABŞ tərəfi Qətər, Livan, İordaniya və Birləşmiş Ərəb Əmirliklərindəki diplomatik nümayəndəliklərində çalışan işçilərin sayını da müvəqqəti olaraq ixtisar edir.