Paris ətrafında baş vermiş silahlı insidentdən sonra əsas şübhəli şəxsin əhatəsindən olan üç nəfər, o cümlədən onun anası hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Fransa kütləvi informasiya vasitələri yayıb.
Ötən gün idarə etdiyi avtomobildən yoldan ötənlərə atəş açan 39 yaşlı silahlı şəxsin həbsdə saxlama müddəti uzadılıb.
Hadisə nəticəsində bir nəfər həyatını itirib, beş nəfər isə xəsarət alıb. Yaralılar arasında bədəninin səkkiz nahiyəsindən güllə yarası alan 12 yaşlı qız da var. Bununla belə, həbs qətimkan tədbirinin hansı müddətə uzadıldığı barədə dəqiq məlumat verilmir. Hazırda şübhəli şəxs barəsində müvafiq toksikoloji ekspertizalar həyata keçirilir. Fransa Prezidenti Emmanuel Makron baş vermiş insidenti irqi və dini nifrət zəminində həyata keçirilən, əvvəlcədən planlaşdırılmış terror aktı kimi qiymətləndirib.
Fransanı təmsil edən qarışıq döyüş sənətləri (MMA) idmançısı Penqo Bossio Vanqi Paris ətrafındakı Trapp kommunasında baş verən silahlı insident zamanı həyatını itirib.
Oxu.Az xəbər verir ki, hadisə barədə məlumatı 26 yaşlı döyüşçünün məşq etdiyi "Atch Academy" klubu sosial şəbəkə hesabında yayıb.
Bir müddət öncə Fransanın Baş naziri Sebastyen Lekornyu İvelin departamentinin Trapp kommunasında baş verən atışma nəticəsində bir nəfərin öldüyünü, dörd nəfərin isə yaralandığını açıqlamışdı. Cinayətkar bir neçə məhəllə boyu, o cümlədən uşaq meydançasının yaxınlığında maşının pəncərəsindən piyadalara atəş açıb. Polis əməkdaşları şübhəli şəxsi dərhal saxlayıblar, onun 39 yaşlı yerli sakin olduğu müəyyənləşib.