İstanbul Atatürk Hava limanına İrandan edilən səfərlərin artım nisbəti 85%-ə çatıb.
ABŞ, Avropa İttifaqı (Aİ), BMT tərəfindən İran üzərindən ambarqonun aradan qaldırılmasından sonra, bu ölkədə iqtisadi canlanma müşahidə edilir. Bununla bağlı olaraq, başda İstanbul olmaqla Türkiyənin bir çox bölgəsinə iranlı turistlər axın etməyə başlayıb.
Oxu.Az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
İstanbul-İran istiqamətində gündə 18 uçuş həyata keçirilir. Novruz bayramında adıçəkilən istiqamət üzrə artım nisbətinin 85%-dən 100%-ə qalxması ehtimal edilir.
İstanbul Atatürk Hava limanına başda Tehran olmaqla Şiraz, Məşhəd, İsfahan və Ahvazdan edilən səfərlərin artım nisbəti 85%-ə çatıb. İstanbul ilə İranın müxtəlif şəhərləri arasında həftədə qarşılıqlı 165 uçuş həyata keçirilir.
İrandan İstanbula gələn turistlər əsasən şəhərin tarixi yerlərini, xüsusən Ayasofiya məbədini ziyarət edirlər, bundan başqa, Böyük ada da ziyarət edilən yerlər sırasındadır.

İstanbulu ziyarət edən iranlı turistlər Novruz bayramında şəhəri yenidən ziyarət edəcəklərini qeyd ediblər.

Xatırladaq ki, İran ambarqo səbəbindən uzun illər idi ki, sərnişin daşınma xidmətlərinin keyfiyyətini artırmırdı. Amma ambarqonun bu ölkə üzərindən qaldırılmasından sonra İran “Airbus”dan 118 təyyarə sifariş verib. Bunu isə İranın bu istiqamətdə atdığı addımlardan biri kimi dəyərləndirmək olar.
Ülviyyə R. Əli
www.oxu.az