İyun ayının 29-na keçən gecə Ermənistan paytaxtında sakit keçib. Polis etiraz edənlərin olduğu Marşal Baqramyan prospektini açmaq üçün heç bir tədbir görməyib.
Oxu.Az xəbər verir ki, bu barədə “Novosti-Armeniya” agentliyi bildirib.
Nümayişə çıxanların yanına İrəvan polis rəisinin müavini Valeri Osipyan gəlib.
O, sakitliyə riayət etməyə çağırıb, belə ki, musiqi və səsləndirilən şüarlar ətraf binalarda yaşayan sakinlərə mane olur.
“Siz qanunu pozursunuz, mən növbəti dəfə sizi Baqramyan prospektini tərk etməyə, Azadlıq prospektinə qayıtmağa və orada öz aksiyanızı davam etdirməyə çağırıram”, - o deyib.
Aksiyanın silahlı hərəkata çağıran bir iştirakçısı tutulub. 1993-cü il təvəllüdlü Arom Akopyan saxlanılan zaman müqavimət göstərib, indi ona qarşı istintaq aparılır.
Bundan başqa, fəallardan Azadlıq prospektində oturaq nümayiş elan edən, “Qarətə yox” təşəbbüs qrupunun üzvü Vaqinak Şuşanyan özünü pis hiss edib. Onun üçün təcili yardım çağırılıb.
İyun ayının 28-də axşam aksiya iştirakçılarını Azadlıq meydanına keçməyə çağırıblar. “Qarətə yox” təşəbbüs qrupu daxil olmaqla, aksiya iştirakçılarının bir hissəsi tövsiyələrə riayət ediblər. Polis gecə yarısına qədər Baqramyan prospektində asayişi bərpa edəcəyini bəyan edib.
Enerji tariflərinin artmasına qarşı yönəlmiş etiraz aksiyaları onuncu gündür ki, davam edir.