İspaniyada Milli Təhlükəsizlik Departamentinin (DSN) mətbuat xidmətinin əməkdaşı olan qadın Mərakeşdən Seuta anklavına daxil olan miqrantların sayı ilə bağlı məlumat dərc etdikdən dərhal sonra işdən çıxarılıb. Çünki onun açıqladığı rəqəmlər ölkənin Daxili İşlər Nazirliyinin açıqladığından daha yüksək olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İspaniyanın "El Pais" qəzeti məlumat verib.
"İspaniya baş nazirinin dəftərxanası Milli Təhlükəsizlik Departamentinin (DSN) kommunikasiya şöbəsinin işçisini dərhal işdən çıxarıb", - deyə qəzet yazıb.
Əməkdaş iyulun 31-də səhər DSN-nin saytında press-reliz dərc edib və buna əsasən Mərakeşdən Seutaya daxil olan miqrantların sayı 49 000 təşkil edib. Hadisə 2021-ci ilin may ayından bəri Seutada qeydə alınan ən böyük miqrant böhranı adlandırılıb.
Lakin İspaniya Daxili İşlər Nazirliyinin açıqladığı rəsmi rəqəmlər press-relizdə göstərilənlərdən aşağı olub. Hüquq-mühafizə orqanlarının rəsmiləri Mərakeşdən şəhərə 40 000 miqrantın girdiyini bildiriblər.
Mesaj dərc edildikdən qısa müddət sonra departamentin saytından silinib. Əməkdaşa zəng edilib və işdən çıxarıldığı barədə məlumat verilib. O, bir neçə il DSN-nin saytına cavabdeh olub, buna qədər isə İspaniya Müdafiə Nazirliyində çalışıb. Əməkdaş dövlət qulluqçusu statusunu saxlayıb, lakin yeni vəzifəyə təyin olunmayıb.
Xatırladaq ki, iyulun sonunda miqrantlar İspaniyanın Mərakeşlə həmsərhəd olan Seuta şəhərinə daxil olublar. Seuta mer-prezidenti Xuan Xesus Vivas iyulun 31-də sutka ərzində şəhərə təxminən 60 000 insanın girdiyini bəyan edib.