"Real Madrid"in ulduz yarımmüdafiəçisi Vinisius Junior yeni müqavilənin maliyyə şərtləri üzrə klubla ortaq məxrəcə gələ bilmir.
Oxu.Az "ESPN Brazil"ə istinadən xəbər verir ki, 2026-cı il dünya çempionatı başa çatdıqdan sonra klub rəsmisi futbolçunun agenti ilə görüşərək ona mövsümlük 22 milyon avro dəyərində əmək müqaviləsi təklif edib.
Lakin bu rəqəm braziliyalı oyunçunun tərəfini qane etməyib. Belə ki, Vinisius hər mövsüm üçün 30 milyon avro qazanmaq niyyətindədir.
Xatırladaq ki, 26 yaşlı Vinisiusun "Real"la hazırkı sözləşməsi 2027-ci ilin iyun ayınadək qüvvədədir. Nüfuzlu "Transfermarkt" portalı onun bazar dəyərini 140 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, Vinisius 2018-ci ildən etibarən "Real Madrid"in şərəfini qoruyur. O, Madrid klubunda ümumilikdə 375 matçda meydana çıxaraq rəqib qapılarından 128 top keçirib və 100 məhsuldar ötürməyə imza atıb.