ADY dəmir yolunun təhlükəsizlik zonasında görüləcək tədbirləri açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yollar"ı (ADY) QSC məlumat yayıb.
Bildirilib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası "Dəmir yolunun təhlükəsizlik zonasının müvəqqəti istismar Qaydaları"nı təsdiq edib:
"Bu Qaydalar "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsinə dair Tədbirlər Planı"nda nəzərdə tutulan Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt dəmiryol xətlərinin təkmilləşdirilməsini, Bakıxanov-Binə-Qala, Zabrat-Maştağa-Bağlar, Yeni Suraxanı-Hövsan və Güzdək-Qaradağ dəmiryol xətlərinin bərpası üzrə layihələrin icrasını təmin etmək məqsədilə dəmir yolunun təhlükəsizlik zonasının müvəqqəti istismar qaydalarını əhatə edir".
Qeyd olunub ki, qaydalara əsasən, dəmir yolunun təhlükəsizlik zonası dəmiryol xətlərinin oxlarının soluna və sağına xətboyu 11 metr məsafədə xüsusi istifadə rejimi olan torpaq sahələrinə aid edilir.
O da vurğulanıb ki, ADY tərəfindən təhlükəsizlik zonası daxilində müvafiq dəmiryol xəttinin oxunun soluna və sağına xətboyu 9 metr məsafədə yerləşən, hündürlüyü yer səthindən 2.20 metrdən çox olmayan qoruyucu çəpərlər və ya torlar quraşdırılacaq, həmçinin təhlükəsizlik zonasından insanların, nəqliyyat vasitələrinin və heyvanların təhlükəsiz keçməsi üçün avtomobil yolları ilə (küçələrlə) kəsişmələrdə dəmir yolu üzrə qatarların hərəkət tezlikləri və avtomobillərin hərəkət intensivlikləri nəzərə alınmaqla müxtəlif səviyyəli və yaxud qorunan xüsusi keçid yerləri təşkil ediləcək.
"Təhlükəsizlik zonasının mühafizəsini təşkil etmək üçün təhlükəsizlik zonası videomüşahidə vasitələri ilə təchiz ediləcək və 24/7 rejimində müşahidəsi həyata keçiriləcək. Qaydalara əsasən, təhlükəsizlik zonasında digər təyinatlı qurğuların, bina və tikililərin yerləşdirilməsinə və tikilməsinə yol verilmir.
Sərnişinlərin, eləcə də dəmir yolu infrastrukturu ətrafında yaşayan yüzminlərlə insanın təhlükəsizliyinə xüsusi önəm verən ADY son illərdə dəmiryol infrastrukturunun modernləşdirilməsi və hərəkətin təhlükəsizliyinin artırılması istiqamətində genişmiqyaslı işlər aparılır. Bu məqsədlə mütəmadi maarifləndirmə tədbirləri, xüsusilə təhsil müəssisələrində görüşlər keçirilir, keçidlərdə infrastrukturun təkmilləşdirilməsi və yol nişanlarının yenilənməsi istiqamətində işlər davam etdirilir, həmçinin Abşeron dairəvi dəmir yolu marşrutu və Kürdəmir sahəsində 100 min metr uzunluğunda çəpərləmələr (dəmir torlar) həyata keçirilib", - məlumatda qeyd edilir.