ABŞ son aylar ərzində Kuba adasında kəşfiyyat resurslarının və qüvvələrinin həcmini əhəmiyyətli dərəcədə artırıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, proses çərçivəsində adaya yeni casusların, eləcə də kəşfiyyat vasitələrinin yönləndirilməsi, həmçinin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) bölgədəki fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur. Vurğulanır ki, MKİ əməkdaşları əsasən iki qrupa ayrılır: yerli əhali arasından əməkdaşlığa cəlb edilən "agentlər" və bu prosesi idarə edən "zabitlər".
Bildirilir ki, atılan bu addımlar rəsmi Vaşinqtonun xüsusi planlar hazırladığına dəlalət edə bilər. Mətbuat nümayəndələrinin fikrincə, söhbət mümkün hərbi müdaxilədən və ya yerli vətəndaşları mövcud Kuba hökumətinə qarşı qiyama qaldırmaq cəhdlərindən gedə bilər.
Mənbələrdən birinin sözlərinə görə, ABŞ tərəfi İranla olan gərginlik tam yekunlaşmadan da adanın daxili işlərinə qarışa bilər. Bunun əsas səbəbi kimi Kuba mövzusunun ABŞ dövlət katibi Marko Rubio üçün ən önəmli məsələlərdən biri olması göstərilir.