İsrailin müdafiə ordusu bəyan edib ki, Fələstin ərazisindən atışmaların qarşısını almaq üçün istənilən “bütün variantlardan” istifadə edəcək. “Saxal” xəbər verib ki, hava və dənizdən 150 “terrorist obyekti”nə zərbə yetirilib.
Oxu.Az Euronews-a istinadən xəbər verir ki, yəhudi dövlətinin hakimiyyəti 40 000 ehtiyat qüvvəsinin xidmətə çağırışını elan edib. Ekspertlər tez-tez İsrailin Qəzza bölgəsində irimiqyaslı quru əməliyyatlarının keçiriləcəyindən danışırlar.
Fələstin rəsmiləri bildiriblər ki, İsrailin açdığı atəş nəticəsində azı 17 nəfər həlak olub, həlak olanları dinc əhali adlandırıblar. İsrail hakimiyyəti isə cavab olaraq bəyan edib ki, yaraqlılar təlim bazalarının və raket istehsalı emalatxanalarının yaşayış məntəqələrində yerləşdirilirlər və atəşi ordan açırlar, bu zaman dinc əhali onlar üçün canlı qalxana çevrilir.
İyul ayının 8-də axşam saatlarında HAMAS silahlı qolun “İzz ad-Din əl-Kəssam” briqadasından dörd yaraqlısı ölkənin cənubunda yerləşən İsrailin hərbi dəniz bazası Zikimə daxil olmaq istəyərkən həlak olublar. Qarşıdurma zamanı “Saxal” əsgərinin biri yaralanıb. Yaraqlılar bazaya hücum zamanı verdikləri itkiləri barədə məlumat verməyiblər.
Briqadalar Yerusəlim, Təl-Əviv və Hayfaya iyul ayının 8-də atılan raketlərə görə məsuliyyəti öz üzərinə götürüb.
Təl-Əviv şəhərinə yaxınlaşan raket panikaya səbəb olsa da “Dəmir günbəz” RƏS ilə vurulub. İsrail hakimiyyətinin sözlərinə görə atışma zamanı şəhərlərin heç birində itki olmayıb.
Ekspertlər başqa bir faktdan narahat olduqlarını bildiriblər. Belə ki, Fələstin yaraqlıları artıq uzaq radiuslu raketlərdən istifadə edirlər. Bu isə Qəzzadan 60 km uzaqlıqda olan Təl-Əvivi hədəf almağa imkan verir.
Qəzza sektorunda hakimiyyətə sahib olan HAMAS islam hərəkatı bildirib ki, bundan sonra hədəf bütün israillilərdir.
Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbas öz növbəsində İsrail reydlərinə son qoyulmasını tələb edib və sakitliyə çağırıb.
Ağ ev isə bəyanatlara cavab olaraq İsrail ərazisinin atəşə tutulmasını pisləyərək, İsrailin bu hücumlardan qorunma haqqını dəstəkləyib.