İsrailin xarici işlər naziri Gideon Saar Niderlandın Ramalladakı diplomatik nümayəndələrinin diplomatik statusdan məhrum ediləcəyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, Saar bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, qərar Niderland hakimiyyətinin İordan çayının Qərb sahilindəki yəhudi yaşayış məntəqələrində istehsal olunan məhsulların ölkəyə idxalını qadağan etməsinə cavab olaraq qəbul edilib.
Nazir bildirib ki, ötən həftə İudeya və Samariyadan (İsrailin İordan çayının Qərb sahili üçün istifadə etdiyi ad - red.), Şərqi Qüdsdən və Colan yüksəkliklərindən məhsulların idxalı və satışına qadağa qoyulması barədə qərar qüvvəyə minib. Bununla əlaqədar Niderlandın İsraildəki səfirliyinə Ramallada fəaliyyət göstərən niderlandlı diplomatların yeddi gün ərzində İsrail tərəfindən verilmiş diplomatik sənədləri təhvil verməli olduqları barədə məlumat verilib.
Saar qeyd edib ki, müddət başa çatdıqdan sonra həmin şəxslərə İsrail dövləti tərəfindən verilən diplomatik imtiyaz və toxunulmazlıqlar qüvvədən düşəcək.
O əlavə edib ki, Niderland Fələstinlilərlə münasibətlərdə öz maraqlarını təmsil etmək istəyirsə, bunu İsrail ərazisindən deyil, Fələstin Milli Administrasiyasının ərazisindən edə bilər.
"Bir daha təkrar edirəm: İsrailə zərər vurmağa yönəlmiş tədbirlər cavabsız qalmayacaq. İsrailə qarşı düşmən və birtərəfli şəkildə hərəkət edən istənilən ölkə regionda təsirini və əhəmiyyətini itirəcək", - deyə Saar bildirib.
Ramalla de-fakto Fələstin Dövlətinin inzibati mərkəzi hesab olunur. Qüdsdən 13 kilometr şimalda yerləşən şəhərdə Fələstin Milli Administrasiyası, beynəlxalq təşkilatların nümayəndəlikləri və bir sıra xarici ölkələrin diplomatik missiyaları fəaliyyət göstərir.