Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

KİV: "Tehran üzərində silsilə partlayışlar olub"
İran paytaxtının mərkəzi hissəsində silsilə güclü partlayışlar baş verib, hava hücumundan müdafiə sistemləri işə düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
İran mətbuatının məlumatına görə, İsrailə məxsus pilotsuz təyyarələrin Tehranın müxtəlif ərazilərinə hücumu dəf edilir.
İsrail Hərbi Hava Qüvvələri (SAXAL) İranın qərbində hərbi infrastruktur obyektlərinə hücum edib. Əməliyyatda 20 qırıcı iştirak edib, 30-dan çox sursatdan istifadə etməklə zərbələr endirilib.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, İsrail hərbçiləri raket anbarı və raket buraxılışı obyektlərinə, eləcə də radiolokasiya stansiyalarına zərbələr endiriblər.
Hücumlar Kirmanşah və Həmədan şəhərlərindəki obyektləri hədəf alıb. Tehran bölgəsində hərbçilər yer-hava tipli raket buraxılış qurğusunu vurublar.
"Mehr" agentliyiin məlumatına görə, Təbrizdə hava hücumundan müdafiə sistemi işə salınıb. Şəhər İsrailin pilotsuz təyyarələri ilə hücuma məruz qalıb.
İsrail paytaxt Tehran və İranın qərbindəki hərbi obyektlərə zərbələr endirib.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, İranın hava hücumundan müdafiə sistemləri Tehranda növbəti hücumu dəf etmək üçün işə salınıb və zenit qurğularının fəal işi şəhərin şərq hissəsində eşidilir.
ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbələr nəticəsində xəsarət alanlar var.
Oxu.Az xəbər verir ki, bunu İran Səhiyyə Nazirliyinin nümayəndəsi Hüseyn Kermanpur "X" sosial şəbəkəsində yazıb.
Xəsarət alanlarda radiasiya şüalanması əlamətlərinin olmadığı qeyd edilir.
"Bir neçə il əvvəl Səhiyyə Nazirliyi nüvə obyektlərinə ən yaxın tibb müəssisələrində fövqəladə nüvə halları üçün mərkəzlər təşkil edib. Xoşbəxtlikdən, ABŞ-nin bombardmanlarından sonra bu mərkəzlərə göndərilən zərərçəkənlərin heç birində radiasiya ilə şüalanma izləri olmayıb", - Kermanpur vurğulayıb.
Bundan başqa, İsrailin İranın şərqindəki Yəzd əyalətinə endirdiyi zərbə nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 7 hərbçisi həlak olub.
Məlumata görə, SEPAH döyüşçülərindən əlavə, iki çağırışçı da öldürülüb.
İsrail Hərbi Hava Qüvvələri İranın dörd müxtəlif bölgəsində eyni vaxtda reaktiv yaylım atəşi sistemləri, pilotsuz təyyarələr və hərbi hədəflərə hücum edib.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.
"SAXAL eyni vaxtda dörd ərazidə - İsfahan, Buşəhr, Əhvaz və ilk dəfə Yəzd bölgəsində reaktiv yaylım atəşi sistemləri və pilotsuz təyyarələrə hücum edib", - məlumatda deyilir.
Mətbuat xidməti əlavə edib ki, 30 döyüş təyyarəsi 60-dan çox sursatdan istifadə etməklə İran ərazisində onlarla hərbi obyektə hücum edib.
İsrailin Hərbi Hava Qüvvələrinin zərbələri nəticəsində İranda fəaliyyət göstərən yeganə atom elektrik stansiyasının (AES) yerləşdiyi Buşehrdə silsilə partlayışlar olub.
Oxu.Az bu barədə İranın "Nour News" agentliyinə istinadla xəbər verir.
Təfərrüat açıqlanmır.
İsrailin Hərbi Hava Qüvvələri (HHQ) Dezful hava limanında İrana məxsus iki ədəd "F5" qırıcısını məhv edib.
Oxu.Az xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, bundan əlavə, bu səhər hücumlar zamanı səkkiz buraxılış qurğusu məhv edilib:
"İsfahan hava limanındakı hərbi obyektlər də hücumun hədəfində olub. Həmçinin iyunun 21-də axşam saatlarında İsrail Hərbi Hava Qüvvələrinə məxsus 20 qırıcı təyyarə İranın mərkəzində onlarla hərbi obyektə hücum edib. Hücum edilən hədəflər arasında partlayıcı maddələrin istehsalı üçün komponentlərin olduğu hərbi obyekt, silah anbarı və istehsalat obyektləri, İranın hava hücumundan müdafiə sistemləri olub".
İsrail Hərbi Hava Qüvvələri (HHQ) İranın qərbindəki hərbi hədəflərə daha bir zərbə dalğasını həyata keçirməyə başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) "Telegram" kanalına məlumat paylaşılıb.
SAXAL-ın məlumatında deyilir ki, səhər saatlarına HHQ İranda İsrail dövlətinin ərazisinə raket atmağa hazır olan raket buraxılış qurğularına, eləcə də İran Silahlı Qüvvələrinin əsgərlərinə hücum edib:
"Zərbələr bir müddət əvvəl İsrail dövlətinin ərazisinə doğru raket atmaq üçün istifadə edilmiş buraxılış sistemlərinə də endirilib".
"İsrail-İran gərginliyi" teqi üzrə xəbərlər
- İsrail təsdiqlədi: İran hərbi obyektlərə zərbə endirib
- Fidan: "Türkiyə ABŞ-nin nüvə proqramı danışıqları ilə bağlı mövqeyini İrana çatdırıb"
- ABŞ mediası: "Tehrandakı həbsxanadan İsrailə qarşı kəşfiyyat əməliyyatları üçün istifadə edilirdi"
- Kats: "İran İsrailə qurudan girməyə hazırlaşırdı"
- İsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı mini keçdi